Məhkəmə qərarları › İş №2(039)-1581/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1581/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1581/2022 22.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Cavabdeh2 Vəlyəddin oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəlyəddin oğluna qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli KAMin 132667/15 saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış əsas borcu 1,714.47, faiz borcu 540.55 AZN, cərimə 919.40 AZN, cəmi 3,174.42 manat və 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. İşin halları: Borclu Cavabdeh2 etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında KAMin 132667/15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 filial tərəfindən 2,500 AZN məbləğində kredit verilmişdir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə borclu tərəfindən 30 ay ərzində ödənilməli idi. Cavabdehin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 25.08..2015-ci tarixdə Cavabdeh2la KAMin 132667/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə borclu Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək “Zamin” onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və hesablanmış faizlərin ödənilməsini tam təmin etməmişdir. Ona dəfələrlə-şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də öhdəliyin icrasından yaranmış və hazıradək olan borcunu ödəməmişdir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı BOKT QSC-yə zərər vurulmuşdur. Tərəflərin izahatları: İddiaçı BOKT QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 prosessual hüquq varisi kimi cəlb edilmiş Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehin prosessual hüquq varisi Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 yaxın qohumu olduğundan onun xahişi ilə zamin olaraq İddiaçı BOKT QSC ilə müqavilə imzalamışdır. Cavabdeh1 onu əmin etmişdir ki, krediti tam olaraq vaxtında ödəyəcəkdir. Lakin, Cavabdeh1 2016-cı ildə öldükdən sonra borc üzrə tutma ona yönəlmişdir. Cavabdeh1 hüququ varisləri var, lakin atalarına məxsus kredit borclarını ödəmirlər. Özünün imkanı olduqca bir neçə dəfə ödənişlər etmiş hal hazırda isə maddi imkanı yoxdur. Bu səbəbdən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim olunan İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli KAMin 132667/15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya 30 ay müddətinə, illik 27 % ödəmək şərti ilə 2,500 manat kredit verilmişdir İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli KAMin 132667/15 saylı zaminlik müqaviləsindən müəyən olunur ki, sonuncu, Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Maliyə arayışından müəyyən olunur ki, 25 avqust 2015-ci il tarixli KAMin 132667/15 saylı kredit müqaviləsi üzrə 29 mart 2017-ci il tarixə əsas borc 1,714.47 manat, faiz borcu 540.55 manat təşkil edir, cərimə 919.40 manat hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh1 13 noyabr 2016-cı ildə ölmüşdür. Yevlax Rayon 1 saylı Notariat Ofisinin 12 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.2916-cı il tarixdə vəfat etmiş Cavabdeh1 adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 777 №-li, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1957-ci il tarixdə Yevlax rayonunda anadan olan mərhum Cavabdeh1 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlarda həyat yoldaşı X1 və Cavabdeh3 aşkar edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli KAMin 132667/15 saylı kredit müqaviləsi əsasında sonuncuya 30 ay müddətinə, illik 27 % ödəmək şərti ilə 2,500 manat məbləğində kredit verilmişdir. İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və sonuncu, kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilmədiyindən borc yaranmışdır. Həmin borc 29 mart 2017-ci il tarixə 1,714.47 manat əsas, 540.55 manat faiz borcu təşkil edir, 919.40 manat cərimə hesablanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər yaranmış borca görə birgə məsuliyyət daşıyırlar. Lakin, Cavabdeh1 öldüyündən həmin borc Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı dəlil müəyyən edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla 19.40 manat manat müəyyən edilməlidir. Cavabdeh2 izah edilməlidir ki, öhdəliyi icra etdikdən sonra mərhum Cavabdeh1 vərəsələri X1 və Cavabdeh3 qarşı ödənilmiş məbləğdən faizlər ödəmək və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəmək barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1,714.47 manat əsas, 540.55 manat faiz borcu, 19.40 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 25 avqust 2015-ci il tarixli KAMin 132667/15 saylı kredit müqaviləsi üzrə 29 mart 2017-ci il tarixə olan 1,714.47 manat əsas, 540.55 manat faiz borcu, 19.40 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,294 (iki min iki yüz doxsan dörd) manat 42 (qırx iki) qəpik Cavabdeh2 Vəlyəddin oğlundan İddiaçı BOKT QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar