Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1600/2021 11.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı su yolunun açılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, maraqlı şəxs Yevlax rayonu Hürüuşağı Bələdiyyəsini qeyd etməklə, Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən bağlanmış, Yevlax rayonu Hürüuşağı Bələdiyyəsi tərəfindən ona icarəyə verilmiş 2 hektar torpaq sahəsinə gedən su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Laçın rayonu Budaqdərə kəndindən məcburi köçkündür və Yevlax rayonu Hürüuşağı kəndində məskunlaşmışdır. Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinin 2 ha torpaq sahəsini uzun illərdir ki, icarəyə götürərək istifadə edir. Həmin torpaq sahəsinə dair sonuncu dəfə 01 yanvar 2021-ci il tarixdə bələdiyyə ilə aralarında müqavilə bağlanmışdır. Torpağı qanuni əsaslarla istifadə etməyinə baxmayaraq, cavabdeh həmin torpağa gedən su yolunu qeyri-qanuni olaraq bağlamışdır. Dəfələrlə su yolunun açılmasını cavabdehdən tələb etsə də, cavabdeh su yolunun açmaqdan imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı qeyd etdiyi torpaq sahəsini qanuni əsaslarla istifadə etmir. Eyni zamanda onun tərəfindən hər hansı su arxı bağlanmamışdır. Ona məxsus torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş və iddiaçının zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə mövcuddur. Buna baxmayaraq iddiaçı məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmir. İddiaçının hazırkı tələbi qərəzlidir və onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İddiaçı iddia ərizəsində qeyd etdiyi 2 hektar torpaq sahəsini qanuni əsaslarla istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı 01.01.2021-ci il tarixli “icarə müqaviləsinin” surətini sübut kimi məhkəməyə təqdim etmiş, lakin icarə müqaviləsinin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini, eyni zamanda icarəyə verilmiş torpaq sahəsinin plan-cizgisini məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz adından müvafiq subyektiv hüquqa, yəni onun istifadəsində olan torpaq sahəsinə gedən su yolunun açılması barədə tələbi irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz və iddiaçı subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı su yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1600/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1600/2021
11.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver