Məhkəmə qərarları › İş №2(039)-1601/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1601/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1601/2021 03.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2300 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, heyvandarlıqla məşğul olur, iri və xırdabuyunuzlu heyvan saxlayır. Cavabdehi çoban kimi tanımışdır. Cavabdehlə razılaşmışdır ki, cavabdeh onun mal-qarasının otaracaq və hər ay 300 manat əmək haqqı alacaq. Cavabdeh heyvanları otarmamışdan əvvəl borcu olduğu üçün ondan 1100 manat pul almışdır ki, borcunu ödəsin. O, 2021-ci ilin fevral ayında cavabdehə 1100 manat pul vermiş, mart ayında heyvanları otarmağa başlayandan sonra isə əlavə olaraq 300 manat pul vermişdir. Cavabdeh isə aldığı 300 manatın müqabilində cəmi 10 gün işləmiş və martın 10-u tarixində qaçıb getmişdir. Cavabdehin qaçmasına səbəb ona məxsus 5 ədəd qoyunu satması olmuşdur. Həmin qoyunların dəyəri 1000 manat olmuşdur. Cavabdehdən, ondan aldığı 1100 manat pulu, satdığı 5 baş qoyunun dəyəri olan 1000 manat pulu və işləmədiyi dövrlər üçün aldığı 200 manat pulu tələb etsə də, cavabdeh bəhanələr edərək pulu qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan 1100 manat pul aldığını etiraf etmiş, lakin həmin pulun müqabilində 3 ay ərzində iddiaçıya məxsus mal-qaranı otardığını bildirmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, iddiaçıya məxsus qoyunları satmayıb və iddiaçı ona 300 manat pul verməyib. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh tərəfindən 03.02.2021-ci il tarixdə imzalanmış qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 1100 manat pul alması, sonuncunun yanında işə başlaması, işləməyəcəyi təqdirdə isə həmin pulu iddiaçıya qaytaracağını barədə öhdəlik götürmüşdür. Beləliklə işdə olan sənədlərdən, habelə tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, iddiaçı özünə məxsus mal-qaranı otarması üçün cavabdehə 1100 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı özünə məxsus mal-qaranı otarması barədə vəkalət alan olan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, o, iddiaçıya 1100 manat məbləğində pul verməsinə baxmayaraq cavabdeh mal-qaranı otarmamış və qaçıb getmişdir. Cavabdehin iddiaya qarşı etirazı ondan ibarətdir ki, o, iddiaçıdan pul aldıqdan sonra onun tapşırığını icra etmiş və 3 ay müddətində iddiaçıya məxsus mal-qaranı otarmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış “tapşırıq müqaviləsi” üzrə öhdəliyin tam icra edilməsini, yəni cavabdehin iddiaçıya məxsus mal-qaranı otarması və bununla da onun 1100 manat borcunun qalmamasını sübuta yetirmək hazırda cavabdehin üzərinə düşür. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməsi onun şifahi bəyanatı ilə deyil, mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin öhdəliyin tam icra edilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia tələbi, 1100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin digər hissəsi, yəni 1200 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə iddiasının təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1100 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar