Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1605/2021 20.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1088 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır. Cavabdeh 10 aprel 2021-ci il tarixdə onun evində ondan 1 ədəd qızıl sepi və 1 ədəd də sırğanı satın almışdır. Həmin qızıllar tərəfindən cəmi 1400 manata qiymətləndirilmişdir. Cavabdeh həmin pulu hissə-hissə olmaqla ona ödəməli idi. Cavabdeh bu barədə öz xətti ilə qəbz də yazmış və imzalamışdır. Lakin bundan sonra cavabdeh ona 106 və 206 manat olmaqla, cəmi 312 manat pul ödəmişdir. Cavabdehin ona 1088 manat borcu qalmışdır. Lakin o, dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh həmin pulu ona ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh 312 manatdan başqa 136 manat da ödəmiş və beləliklə də cavabdehin ona 952 manat borcu qalmışdır. İddiaçı, tələbinin həmin borc məbləğinin tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, cavabdeh 1 ədəd qızıl sepi və 1 ədəd sırğanı 1400 manata hissə-hissə ödəmək şərti ilə iddiaçıdan almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 1400 manat dəyərində malın (qızılın) nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuşdur. Cavabdeh ödəməli olduğu pulun yalnız bir hissəsini-448 manatı ödəmiş, 952 manatı ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 952 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 952 (doqquz yüz əlli iki) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1605/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1605/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver