Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1649/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 04.01.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV, X1 Atron üçün 1216 manat ödənilməmiş hissə, 348 manat cərimə, 09.01.2020-ci il tarixli müqavilə üzrə X1 Nitron plus üçün 1720 manat ödənilməmiş hissə, 481 manat cərimə, ümumilikdə 3765 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 04.01.2020ci il və 09.01.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan Samsung LED TV, X2 Atron və Kombi Demir Dokum Nitron plus almış və nəticədə 3765 manat borcu yaranmışdır. Cavabdeh 04.01.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2914,60 manat olan Samsung LED TV-ni və X1 Atronu 12 ay müddətinə, ilkin ödəniş 121 manat, aylıq 232,80 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Bu müqavilə üzrə cavabdehin 1216 manat ödənilməmiş hissə və 348 manat cərimə borcu yaranmışdır. Cavabdeh 09.01.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1935 manat olan X1 Nitron plusı 18 ay müddətinə, aylıq ödəniş 107,50 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Bu müqavilə üzrə cavabdehin 1720 manat ödənilməmiş hissə və 481 manat cərimə borcu yaranmışdır. Cavabdeh 04.01.2020-ci il tarixli müqaviləsi üzrə aldığı X1 Atronu 09.01.2020-ci ildə geri qaytarmış və əşya 1333,20 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1913,60 manat təşkil edir. İddiaçı MMC-nin direktoru F.H.İsrafilzadə Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 04.01.2020-ci il tarixli, 20011893 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung LED TV, X1 Atron satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-2914,60 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 09.01.2020-ci il tarixli, 20024382 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə X1 Nitron plus satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 1935 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 07 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alğı-satqı qiyməti 2914,60 manat olan mallar üçün ümumilikdə 1564 manat olmaqla, 1216 manat ödənilməmiş hissə və 348 manat cərimə borcu, alğı-satqı qiyməti 1935 manat olan mal üçün ümumilikdə 2201 manat olmaqla, 1720 manat ödənilməmiş hissə və 481 manat cərimə borcu olmaqla, cəmi 3765 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilələrdə nəzərdə tutulmuş malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Hər iki müqavilə üzrə cəmi 2936 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə hesablanmış 829 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq, hər iki müqavilə üzrə 50 manat olmaqla, cəmi 100 manat müəyyən edilməlidir. Qeyd olunananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 2936 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 3036 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2936 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 3036(üç min otuz altı) manat borc və 30(otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1649/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1649/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver