Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1670/2021 26.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X3 ilə 2017-ci ildə faktiki nikaha daxil olaraq evlənmişlər. Nikahlarını isə 09 fevral 2018-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydiyyata aldırmışlar. Birgə nikahlarından 25.04.2018-ci il tarixdə Səma adlı uşağı anadan olmuşdur. Cavabdehin oğlu X3 ilə ailə qurandan sonra onun babasının adına olan Yevlax şəhəri X6 küçəsi ev 2 B/7-də yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan həmin ev vərəsələr arasında bölünərək rəsmiləşdirilmiş və ev satılmışdır. Həmin evdən bir vərəsə kimi həyat yoldaşına 3500 manat pul çatmışdır. Həyat yoldaşı həmin pulu ona vermiş və o, pulu özündə saxlamışdır. Cavabdeh onlara həmin pulu ona vermələrini, o pulla yeni ev alacağını və birlikdə həmin evdə yaşayacaqlarını bildirmişdir. O da cavabdehə inanıb həmin 3500 manat pulu cavabdehə vermişdir. Cavabdeh isə həmin pulu ondan alandan sonra təzə ev alıb, onu qızının adına qeydiyyata aldırmış və onu da uşağı ilə birlikdə həmin evə qeydiyyata salmaqdan imtina etmişdir. Həyat yoldaşı X3 07 iyun 2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Cavabdeh təzə evi alandan sonra onu azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur. Eyni zamanda cavabdeh onu evdən qovarkən döydüyü üçün onu polis şöbəsinə şikayət etmiş və hazırda cavabdehin barəsində polis şöbəsində araşdırma aparılır. Cavabdehə verdiyi 3500 manatı ondan tələb etdikdə cavabdeh həmin pulu ondan aldığını etiraf etsə də, həmin 3500 manat pulu ona qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X1 olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı, cavabdehlə şifahi razılığa gələrək birlikdə yaşaya biləcəkləri yaşayış evi almaq üçün sonuncuya 3500 manat pul verdiyini, lakin cavabdehin razılaşmanı pozduğunu və iddiaçını evdən qovduğunu və iddiaçıya məxsus pulu ona qaytarmaqdan imtina etdiyini iddia edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən, yəni cavabdehə 3500 manat verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1670/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1670/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver