Məhkəmə qərarları › İş №2(039)-1716/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1716/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1716/2022 20.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 30 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən qaytarılmamış 7,000 manat məbləğində borc, 91 manat dövlət rüsumu, əldən çıxmış faydaya görə hesablanmış 679.30 manat olmaqla, ümumilikdə 7,770.30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə 30 noyabr 2020-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində bağlanılmış Kredit müqaviləsinə əsasən (Borc verən) 14,000 manat məbləğində pulu cavabdehə (Borc alana) verməyi, cavabdeh isə krediti xx.xx.2021 tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günədək pulun yalnız ayrı-ayrılıqda 3,000 və 4,000 olmaqla ümumilikdə 7,000 manat məbləğini qaytarmışdır. Digər 7,000 manat məbləğini isə müqavilədə razılaşdırılmış tarixdən 1 ildən çox müddət keçməsinə baxmayaraq hələ də qaytarmamışdır. Cavabdeh aldığı 7,000 manat məbləğində-müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarsa idi, həmin pulu banklardan birinə depozitə qoyaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidmətinin həmin il üçün, yəni 2021-ci il üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürə bilərdi. Banklara qoyulan depozitlərə Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti uçot faizləri hər ilə görə müəyyən edir. Odur ki, cavabdehin əldən çıxmış fayda formasında vurduğu zərərin həcmi X2 Xidmətinin 2021- 2022-ci illər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. Belə ki, 2021-ci ilin mart ayından məhkəməyə müraciət etdiyi günədək cavabdeh tərəfindən pulun gecikdirilməsi 16 ay təşkil edir. 2021-ci il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7 %-lə, 2022-ci il üçün isə 7,75 % təşkil edir. 2021-ci il: 7,000 x 7 % = 490 : 12 = 40,80 x 10 ay = 408 manat . 2022-ci il: 7,000 x 7,75 % = 542 : 12 = 45,20 x 6 ay – 271.20 manat. Beləliklə, 16 ay ərzində əldən çıxmış fayda 408 manat + 271.30 manat = 679.30 manat təşkil etməkdədir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin bu günədək ödəməli olduğu 7,000 borc məbləği 679.30 manat əldən çıxmış fayda, 91 manat dövlət rüsumu olmaqla 7,770.30 manat təşkil etməkdədir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, əslində iddiaçıdan heç bir məbləğdə borc pul almamışdır. Belə ki, X1 adlı şəxs onu öz ofisinə işə götürmüş və ona hər ay maaş verəcəyi barədə vəd vermişdir. İddiaçı adlı şəxs, əri ilə onun oturduğu ofisə gəlib Cavad Ağayevlə söhbət etmiş və sonuncu ona torpaq tapacağını və ev tikəcəyi barədə vəd vermişdir. 30 noyabr 2020-ci il tarixdə İddiaçı, onun əri, Cavad Ağayev və o özü, Sabunçu rayonunda yerləşən notariat ofisinə getmişlər. X5 bildirmişdir ki, şəxsiyyət vəsiqəsini itirmişdir və ondan öz şəxsiyyət vəsiqəsi vasitəsi ilə müqavilə bağlamağı xahiş etmişdir. Cavad Ağayev onu İddiaçı öz xalası oğlu kimi təqdim etmişdir. Cavad Ağayev onu əmin etmişdir ki, burda heç bir qanunsuz hərəkət yoxdur, pulun müqabilində İddiaçı üçün iş görəcəkdir. Cavad Ağayevə inanmış və öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra onunla İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra Bank hesabı vasitəsi ilə İddiaçı adından 14,000 manat pulu almış və Cavad Ağayevə vermişdir. 08 dekabr 2021-ci il tarixdə Cavad Ağayev ona zəng edərək ona demişdir ki, notariat ofisinin qarşısına getsin və özü də, oraya gələcəkdir. Lakin, özü oraya gəlməmişdir. İddiaçı isə oraya gələrək onlardan şikayət edəcəyini bildirmiş və 102 xidmətinə zəng etmişdir. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. X3 əlaqə saxladıqda sonuncu xahiş etmişdir ki, onun əvəzindən İddiaçı 7,000 manat pul versin, bir müddət sonra həmin pulu ona qaytaracaqdır. Bundan sonra İddiaçı iki dəfəyə 7,000 manat pul vermişdir. Cavad Ağayev verdiyi sözə əməl etməmiş və ona İddiaçı verdiyi 7,000 manat pulu verməmişdir. Cavad Ağayev həmin əməllərinə görə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinmiş və hazırda azadlıqdan məhrum etmə cəzası çəkməkdədir. Qeyd olunanlara əsasən onun tərəfindən 30 noyabr 2020-ci il tarixli müqavilə formal olaraq imzalanmışdır. Həmin müqavilə üzrə öhdəlik onun tərəfindən deyil Cavad Ağayev tərəfindən icra edilməlidir. İddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İddiaçı və Cavabdeh arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh 14,000 manat borc vermiş, sonuncu isə həmin borcu 05 mart 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Cavad Ağayev təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı Bakı şəhəri, “Kənd Əhmədli” adlanan ərazidə 1.7 sot torpaq sahəsini satmaq və həmin torpaq sahəsini aldıqdan sonra orada onun üçün 65,000 manat pul qarşılığında tikinti materialları və ustaların zəhmət haqqı daxil olmaqla bir mərtənəli, dörd otaqdan ibarət ev tikib verəcəyi vədi ilə ilkin olaraq 30 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 16 saylı notariat ofisində sonuncunun 14,000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduluq etmişdir. Həmin və digər əməllərə görə Cavad Ağayev məhkum edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, 30 noyabr 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi əsasında İddiaçı 14,000 manat pulu notariat ofisinin Bank hesabı vasitəsi ilə Cavabdeh vermişdir. Cavabdeh həmin məbləğdə pulu qəbul edərək Cavad Ağayevə vermiş, daha sonra isə sonuncunun təkidi ilə həmin borcun əvəzi olaraq 7,000 manat İddiaçı qaytarmışdır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə tərəf olaraq müqavilədə qeyd edilən məbləği Bank hesabı vasitəsi ilə aldığından bu müqavilə üzrə üzərinə öhdəlik götürmüş olmuşdur. Eyni zamanda həmin öhdəliyi qismən icra etmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 7,000 manat pul tələbi hissəsində tələb əsaslıdır və təmin edilməlidir. Cavabdeh izah edilməlidir ki, 14,000 manat pulun tutulması tələbi ilə Cavad Ağayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. İddia tələbinin əldən çıxmış fayda tələbi hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmin tələbini Mülki Məcəllənin 449.1 maddəsi ilə əsaslandırmıdır ki, belə olan halda cavabdehin həmin məbləğdən faydalandığına dair sübutlar təqdim edilməlidir. Lakin, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Əksinə, işin halları ilə müəyyən olunur ki, cavabdeh həmin məbləği Cavad Ağayevə vermiş və onun həmin məbləğdən faydalanmaq imkanı olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi təmin edilmiş məbləğə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 30 noyabr 2020-ci il tarixli müqavilə üzrə 7,000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat, cəmi 7,090 (yeddi min doxsan) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev: Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar