Məhkəmə qərarları › İş №2(039)-1718/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1718/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1718/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1700 manat məbləğində borc pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh parfumeriya firmasında çalışarkən tanımışdır. Tanışlığı dövründə cavabdeh pula ehtiyacı olduğunu və maşın ustasına borcu olduğunu ona bildirmişdir. O isə, 05 aprel 2022-ci il tarixdə ona 600 manat, 08 aprel 2022-ci il tarixdə 137 manat, 11 aprel 2022-ci il tarixdə Expressbankdan 1500 manat kredit götürüb 1000 manatını cavabdehə vermişdir. Cavabdeh ona söz verdi ki, 2022-ci ilin may ayından başlayaraq 3 ay ərzində borcunu ödəyəcəkdir. 10 may 2022-ci il tarixdə borcundan 30 manat qaytarsa da, pulunun olmadığını bildirərək qalan borcu qaytarmamışdır. O, 18 may 2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə müraciət etmiş və araşdırma zamanı cavabdeh borcunun olduğunu etiraf etmiş və qalan məbləği ödəyəcəyinə söz vermişdir. Lakin hələdə borcunu qaytarmaqdan boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsinə uyğun verdiyi izahat məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək borcu gələcəkdə hissə-hissə ödəyəcəyini qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, izahatları dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri bölməsinin 1320 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1700 manat məbləğində pul tutulmalıdır. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 37 manat məbləğində dövlət rüsumu, cavabdehdən dövlət mədaxilinə alınmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 37 manat dövlət rüsumu dövlət mədaxilinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar