Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1737/2021 12.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş ziyana görə ödənilməmiş 620 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.11.2019-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət" haqqında müqavilə imzalanmışdır. 14.07.2020-ci il tarixli əmrlə cavabdeh adminstrator vəzifəsinə keçirilmişdir. 09.10.2020-ci il tarixli əmrlə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. 22.09.2020-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 22.09.2020-ci il tarixli “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 1221 manat müəyyən olmuşdur. Vurulmuş ziyandan 321 manat güzəşt edilmiş və 280 manat şirkətdən alacağı vəsait hesabına qarşılanmışdır. Qalıq məbləğ olan 620 manat isə ödənilməmiş qalmışdır. İddiaçının nümayəndəsi X1 Rayon Məhkəməsinə teleqram göndərərək, iştirakı olmadan işə baxılmasını və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29.11.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsində işə qəbul olunmuşdur; işçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” 29.11.2019-cu il tarixli müqavilədən görünür ki, maddi məsul şəxs (işçi) işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi öz üzərinə götürür; 09.10.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir; 22.09.2020-ci il tarixdə keçirilmiş inventarizasiyanın nəticələrinə dair yekun aktdan görünür ki, “Oba- Yeni Yasamal 11” filialında 13.07.2020-ci il tarixdən 22.09.2020-ci il tarixədək olan müddət üçün 1221,19 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur; İddiaçı MMC-nin 16 aprel 2021-ci il tarixli arayışından görünür ki, 22.09.2020-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil təslim işlərinin nəticəsi olaraq 1221 manat çatışmazlıq müəyyən edilmişdir. Dövriyyə güzəşti tətbiq edilərək ziyan 900 manat müəyyən edilmiş, həmin məbləğin 280 manatı Cavabdeh şirkətdən alacağı vəsaitlə qarşılanmış, 620 manat ümumi borc ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də 29.11.2019-cu il tarixdən 09.10.2020-ci il tarixədək satıcı-kassir və administrator vəzifələrində işləmiş və 29.11.2019-cu il tarixdən maddi məsul şəxs olmuşdur. Maddi məsul şəxs olduğu dövrdə işlədiyi “Oba- Yeni Yasamal 11” filialında 22.09.2020-ci il tarixdə inventarizasiya yoxlaması aparılmış və 1221,19 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin məbləğdən 321 manat güzəşt edilərək vurulmuş ziyan 900 manat müəyyən edilmiş, həmin məbləğdən qalan ödənilməmiş ziyan isə 620 manatdır. Cavabdeh keçirilmiş inventarizasıyanın nəticələri ilə razılaşaraq yekun aktı imzalamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin tələblərinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 620 manat alınıb iddiaçıya verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 620 (altı yüz iyirmi) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1737/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1737/2021
12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver