Məhkəmə qərarları › İş №2(039)-174/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-174/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-174/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 2282 nömrəli kredit müqaviləsi üzrə 587,20 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 32,02 manat faiz, 999,87 manat cərimə, 93,63 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 1712,72 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnəmə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2014-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 26 faiz dərəcəsi ilə, 24 ay müddətinə 4025 manat məbləğində kredit verilmişdır. Sonradan Cavabdeh ərizəsi əsasında müqavilə müddəti xx.xx.2016-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Hazırda borclunun banka xx.xx.2019-cu il tarixinə 587,20 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 32,02 manat faiz borcu, 999,87 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 93,63 manat faiz borcu mövcuddur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardad ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında qeyd edildiyi kimi, Fərmanla müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən məhkəməyə müraciət etməyə mane olmur. Cavabdeh tərəflərindən restrukturizasiya barəsində təkilif edilsə də o, Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq, borcunun restrukturizasiya edilməsi üçün müraciət etməmişdir. Bu səbəbdən də Bank Cavabdeh banka olan kredit borcunun ödənilməsi barəsində yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax rayonu Nərimanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi göndərilmişdir. Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı arayışdan cavabdehin qeyd olunan ünvanda yaşamadığı bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçınnı nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 2282 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə avtomobil almaq üçün illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 4025 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” əsasında kreditin (hissə-hissə) və kreditdən istifadəyə görə faizlərin Banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Bankın hesablamalarından görünür ki, xx xxxxxx 2019-cu il tarixə cavabdeh tərəfin Banka olan əsas borcu 587,20 manat əsasə borc, müqavilə müddəti üçün hesablanmış 32,02 manat faiz, 999,87 manat cərimə, 93,63 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 1712,72 manat təşkil edir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə proseslərində iştirak etməmiş və Banka olan borcunun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, banka olan borcunu tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh, “Kredit müqaviləsinə” əsasən kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəmədiyindən, onun müqavilə müddətinin sonuna Banka 587,20 manat əsas və 32,02 manat məbləğində faiz borcu, habelə müqavilə müddəti bitdikdən sonra 93,63 manat faiz borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, “Kredit müqaviləsi” əsasında kreditin (hissəhissə) və kreditdən istifadəyə görə faizlərin Banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Müqavilənin 2.5-ci maddəsinə görə isə, borcalan kredit və (və ya) ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 52 % ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borc 587,20 manat, faiz borcu isə 32,02 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu 93,63 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, cavabdehə hesablanan 999,87 manat məbləğində cərimə borcu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 587,20 manat əsasə borc, müqavilə müddəti üçün hesablanmış 32,02 manat faiz, 100 manat cərimə, 93,63 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 812,85 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar