Məhkəmə qərarları › İş №2(039)-1740/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1740/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1740/2023 24.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində pulun və 33 manat ödənilmiş dövlət rüsmunun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğul olur. Uzun müddətdir ki, Cavabdeh tanıyır. Dəfələrlə alış-verişləri olmuş və cavabdeh onun etibarını qazanmışdır. Cavabdeh 2021-2022-ci illlədə ondan müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 1200 manat dəyərində mağazasından mal və borc pul almış və öz xətti ilə ona olan borcuna dair qəbz yazıb imza edərək qəbzi ona vermişdir. O, hər dəfə ondan aldığı pulları necə və nə vaxt qaytaracağı barədə cavabdehə suallar verdikdə ona bildirirdi ki, “alacağı var, ona narahat olmamasını borcunu qaytaracağını bildirmişdir”. Cavabdeh dəfələrlə ondan pul və yaxud mal şəklində aldığı borcunu qaytararaq etibarını qazandığı üçün o da öz növbəndə inanaraq yuxarıda qeyd etdiyi ümumilikdə 1200 manat borc məbləğini Səmayəyə vermişdir. Lakin sonradan cavabdeh təkrarən ondan borc pul istədikdə yeni borc verməkdən imtina edərək borclu olduğu məbləği qaytarmasını cavabdehdən xahiş etmişdir. Həmin vaxtdan bu günə qədər xeyli müddət keçməyinə və eyni zamanda dəfələrlə etdiyi xahişlərə, tələblərə baxmayaraq Cavabdeh ondan aldığı ümumilikdə 1200 manat borc məbləğini bu günədək qaytarmamaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı 100 manat, 300 manat və əlavə olaraq 300 manat dəyərində mal və 500 manat borc pul almış hazırda iddiaçıya 1200 manat borcu var və həmin borcu qaytaracağını öhdəsinə götürmüş və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən yazıldığı qəbzlərindən görünür ki, cavabdeh iddiaçıdan cəmi 1200 manat borc pul və mağazasından nisyə mala aldığını bildirmişdir. Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 16, mənzil 15-da yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 1200 manat məbləğində pul vermiş, Cavabdeh 1200 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçınun xeyrinə 1200 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar