Məhkəmə qərarları › İş №2(039)-1747/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1747/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1747/2020 16.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1720 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2017-ci ilin sentyabr ayının əvvəllərində ondan ehtiyacı olduğu üçün 2000 manat məbləğində borcu pul almış, həmin pulun 280 manatını qaytarsa da, qalan borcunu bu günədək ona qaytarmamışdır. Cavabdehdən dəfələrlə 1720 manat pulu tələb etmiş, cavabdeh qaytaracağına söz versə də pulu ona qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, bankdan evini təmir etmək üçün 2400 manat kredit götürmüşdür. Cavabdeh ilə uzaq qohumluqları və ailəvi tanışlıqları olduğu üçün cavabdehi tanımış və 2017-ci ildə kredit götürdüyü puldan 2000 manatı borc istədiyi üçün ona vermişdir. Cavabdeh həmin puldan ona 2018- 2020-ci illərdə hissə-hissə cəmi 280 manat pul qaytarmışdır. Qalan borcunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, İddiaçı cəmi 700 manat pul borclu olduğunu, həmin puldan 280 manatı qaytardığını və hazırda iddiaçıya 420 manat borcunun olduğunu bildirərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında işin mübahisə doğuran halı borc verilmiş pulun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, cavabdehə 2000 manat pul vermişdir. Cavabdeh isə buna etiraz edərək bildirir ki, cavabdehdən 700 manat pul almışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdehə vermiş olduğu borcun 2000 manat təşkil etməsini sübut edə bilmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. Qeyd olunanlardan göründüyü kimi, 1720 manat cavabdehdən tələb edən iddiaçı, ilk olaraq həmin məbləğin cavabdehə verdiyini sübut etməli və bu zaman məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəməyə təqdim edilməmiş faktları isə nəzərə almamalıdır. İddiaçının təşəbbüsü ilə məhkəmə tərəfindən şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı onun qaynanasıdır, cavabdeh isə uzaq qohumlarıdır. 2015-ci ildə qaynatası Mətləb Hüseynov 2400 manat kredit götürmüş və həmin ildə həmin puldan 2000 manatı qaynanası, Cavabdeh borc vermişdir. Xəyalə həmin puldan 350 manatı qaytarmış, qalan pulu isə qaytarmamışdır. A.Hüseynovanın şahid kimi ifadəsinin qiymətləndirən məhkəmə qeyd edir ki, şahidin ifadəsi iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Çünki, şahidin ifadəsi ilə iddiaçının izahatında ziddiyətli məqamlar olmuşdur. Belə ki, şahid iddiaçının pulu 2015-ci ildə cavabdehə verdiyini və cavabdehin həmin puldan 350 manat qaytardığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin etiraf etdiyi hissədə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 420 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 420(dörd yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar