Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-175/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2000 manat nəğd olaraq aldığı pulu, 1150 manat məbləğində yoncanın səpilməsi üçün ödədiyi pulu, 300 manat suvarma pulunu,1000 manat dəyərində yonca toxumunun alınması üçün sərf etdiyi məbləği, həmçinin 60 kisə azot kübrəsi üçün xərclədiyi 1590 manat məbləğinin, ümumilikdə 6040 manat pulun, hüquqi yardım üçün sərf etdiyi 200 manat məbləğin və 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırkı Cavabdeh ilk öncə 1500 manat pulu xx.xx.2018-ci il tarixində borc olaraq vermişdir. Şəxs bu borcun müqabilində aldığı pulu 1 ay müddətinə qaytaracağını ona vəd etmişdir. Bu pul qaytarılmadığı təqdirdə, ona aid olan 3,5 ha torpaq sahəsini ona 12 il müddətinə istifadəsinə verəcəyini bildirmişdir. Bu proseslər şahidlərin iştirakı ilə aparılmış və imzalanmışdır. Şəxs bundan sonra dediyi şərtə əməl etmək üçün xx.xx.2019-cu il tarixində onunla torpaq sahəsini icarəyə verilməsi haqqında müqavilə imzalamış, həmin müqavilənin başlama müddəti aprel 2019-cu il tarixindən aprel 2024-cü ili əhatə etməli idi. Şəxs bunun müqabilində əlavə 500 manat pul alaraq həmin müqavilənin digər bəndində qeyd olunan 2000 manat məbləği rəsmiləşdirmişdir. Qeyd olunan müqavilə Aran qəsəbəsi icra nümayəndəliyində təsdiqlənmişdir. O, bu şəxsin etibarına inanaraq, bağlanan müqavilənin şərtlərinə əsaslanaraq, götürdüyü 3,5 ha torpaq sahəsini şumlayaraq, malalayaraq, həmin əraziyə çox illik yem bitkisi olan yonca səpmişdir. Yoncanın normal yetişməsi üçün torpağa 60 kisə kübrə səpmişdir. Yetişdirdiyi yoncanı yığmaq istəyərkən torpağın yeni mülkiyyətçisi X3 torpaq sahəsinin üzərinə gələrək torpağın ona aid olduğunu, torpağından dərhal çıxarılmağını ondan tələb etmişdir. Aralarında insident baş vermişdir. Çox çətinliklə həmin ot presinin 300 ədədini ala bilmişdir. Cavabdehilə razılaşmasına görə o, cavabdehə məxsus torpaq sahəsini 2024-cü ilə qədər istifadə etməli olduğu halda, cavabdeh özünə məxsus və ona icarəyə verdiyi torpaq sahəsinin X1. Bu səbəbdən o həmin torpaq sahəsindən istifadə etməmiş, əksinə cavabdehin hərəkəti nəticəsində ona əlavə olaraq da maddi ziyan vurulmuşdur. Torpağın şumlanması, malalanması üçün o, traktora 1500 manat pul vermiş, 300 manat torpağın suvarması üçün, 1000 manat yonca toxumunun alınması üçün, 1590 manat isə azot kübrəsi üçün pul xərcləmişdir. Torpağa bu qədər xərc çəkdikdən sonra isə o, torpaqdan istifadə edə bilməmiş və yetişdirdiyi yoncanın yalnız bir hissəsini çətinliklə əldə edə bilmişdir. Cavabdeh tərəfindən ona vurulan ziyanın qaytarılmasını tələb etdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Cavabdeh Yevlax rayon Aran qəsəbəsində yerləşən 5,39 hektar torpaq sahəsinin özünə məxsus 3,08 hektar hissəsini 2024-cü ilin aprel ayınadək 2000 manat müqabilində İddiaçı istifadəsinə vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində bəzi kateqoriya münasibətlər üzrə sadə yazılı və ya şifahi müqavilələrin bağlanması nəzərdə tutulmuşdur. Lakin daşınmaz əşyanın, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı münasibətlər üzrə, qanunverici birmənalı olaraq yazılı müqavilənin imzalanmasını və onun müvafiq qaydada rəsmiləşdirilməsini imperativ qaydada müəyyən etmişdir(Mülki Məcəllə 394.maddə). Məhkəmə araşdırılması zamanı tərəflər arasında notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinin bağlanmaması müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehə 2000 manat pulun verilməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus pulu özündə saxlamış və bu səbəbdən onun tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. İddiaçının tələbi nəzərə alınmaqla cavabdeh əldə etdiyi həmin məbləği- 2000 manatı iddiaçıya qaytarmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı hazırkı işdə bu əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı zərərin vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2000 manat pul alınıb iddiaçıya verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-175/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-175/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver