Məhkəmə qərarları › İş №2(039)-175/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-175/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-175/2023 24.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 23070 manat məbləğində borcun və 160 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən cəmi 23370 manat pulun və 160 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğul olaraq müxtəlif geyim, məişət və digər əşyalar satır. Əvvəldən tandığı cavabdehlər onda pul olduğunu bilmiş, 2021-ci il may ayında müxtəlif vaxtlarda ondan cəmi 23370 manat (1370+22000=23070) məbləğində borc almış, lakin bu günədək ona olan borcunu qaytarmamışlar. Bu səbəbdən də, hal-hazırda cavabdehlərin ona olan 23370 manat məbləğində borcu bu günədək ödənilməmiş qalmaqdadır. Cavabdehlərdən borcunu tələb etdikdə sonuncular evlərini satıb ona olan borcunu qaytaracaqlarını bildirsə də, lakin sonradan onlar vədlərinə əməl etmədilər və dəfələrlə ona olan borcunu qaytarılmasını cavabdehlərdən xahiş etsə də onlar hər dəfə müxtəlif bəhanələrlə ona olan borclarını qaytarmaqdan yayınırlar. Cavabdehlərdən hazırda ona borclu olduğu 23370 manat borc məbləğini və 160 manat dövlət rüsumunu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və hazırlıq iclasında təqdim etdiyi cavabdehlə aralarında olan səs yazısının qeyd olunduğu CD diskdəki danışığın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahatında cavabdehlərdən Cavabdeh2 sözügedən məsələdən heç bir məlumatının və həmin borcun ona aidiyyatının olmadığını bildirmiş, digər Cavabdeh1 isə iddiaçıdan təxminən 700 manat dəyərində əşyalar götürərək sonradan dəyərini ödədiyini, iddiaçının təqdim etdiyi qəbzlərdə müvafiq tarixin olmadığını, Cavabdeh1 həmin qəbzi 2017-ci ildə yazdığını bildirərək, məhkəmədən iddia müddətinin tətbiq olunaraq sözügedən iddianın rədd olunmasını xahiş etmiş və bu barədə ərizə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh1 tərəfindən yazılmış 02 may tarixli borc qəbzindən görünür ki, cavabdeh iddiaçıdan 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları almışdır (cəmi 23370 manat). Cavabdeh1 tərəfindən yazılmış, lakin imza ilə təsdiqlənməmiş 06 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 12 adda müxtəlif geyim əşyaları almış və həmin qəbzin sonunda “cəmi Sehranəyə 520 manat borcum var” qeydi əks olunmuşdur. Yevlax rayonu, Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Havarlı kəndində yaşayır və qeydiyyatdadır. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən beş ildir ki, həmkəndlisi Xəyalə adlı şəxsə təxminən iyrimi üç min manat dəyərində paltar və pul verməsinə baxmayaraq pulunu geri ala bilməsinə köməklik göstərməsinin xahiş etmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti ilə bağlı polis şöbəsində müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müraciətində qeyd olunan xüsusiyyətlərin mülki xarakterli olduğu müəyyən edilmişdir. İş materiallarında olan CD-R diskdə əks olunmuş WhatsApp Audio 2022-11-17 at 11.43.19mp3 adlı 18 saniyəlik, WhatsApp Audio 2022-11-17 at 11.43.20 (1)mp3 adlı 30 saniyəlik, WhatsApp Audio 2022-11-17 at 11.43.20(2)mp3 adlı 12 saniyəlik audio səs yazılarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı “Ay Sehranə mən sənə dedim ki Cavidin adına olanı götür, onun işində problem yaranmasın, qalanını da özümüz danışarıq”, “Sən canın onun adında olanı, yol pulunu da 5 manat verecək, onun adında olan ərizəni götür, indi 750 manatı düzəldib sənə verə bilməyəcək, özün bilirsən ki, nə zülümlə onu işə qoymuşuq, problem yaranmasın da hə rgün onu çağırırlar, noldu o ərizə götürülmürmü” və “özüm gəlim öz məsələmizi həll edərik, guya bizə getməknən nolur ki, kimsə guya sənə pul verəcəkmi” bildirmişdir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı özünə məxsus daşınar əşyaları (müxtəlif geyim əşyalarını) Cavabdeh1 satmaq üçün vermiş, sonuncu isə həmin əşyaları sataraq dəyərini ona qaytaracağı barədə üzərinə öhdəlik götürmüş, eyni zamanda iddiaçı Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində borc pul vermişdir. İddiaçı sözügedən əşyaların dəyəri və mövcud borc ödənilmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehlərin vəkili isə iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd ediləsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3.). Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları vermiş, Cavabdeh1 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, nə iş materialları, nə də tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə tələb olunan əşyaların və pul məbləğlərinin Cavabdeh2 verilməsi öz təsdiqini tapmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin oluna bilməz. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı vəsatət versə də, onun adından verilmiş qəbzin hansı ildə verildiyini və qəbzdə göstərilən borcun icrası müddətinə dair hər hansı sübütü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bu səbəbdən həmin öhdəlik üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Mövcud sübutlarla təsdiq olunur ki, İddiaçı öhdəliyin icrasını xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nə müraciət etdiyi andan bilmiş, bunu təkzib edəcək sübutu isə cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 23370 manat məbləğində pul tutulmalı, iddia tələbi Cavabdeh2 münasibətdə isə əsassız olduğundan təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 23370 (iyirmi üç min üç yüz yetmiş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar