Məhkəmə qərarları › İş №2(039)-1764/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1764/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1764/2021 26.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC(bundan sonra mətndə Bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 282,22 manat əsas, 1522,84 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 42,56 manat faiz borcu olmaqla, ümumilikdə 1847,62 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Bank ilə 31.07.2015-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətində 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğinin və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. 21.06.2021-ci il tarixə Cavabdeh kredit üzrə 282,22 manat əsas, 1522,84 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra hesablanan 42,56 manat faiz borcu olmaqla, ümumilikdə 1847,62 manat borcu yaranmışdır. Bankın nümayəndəsi Aynur Mahmudova məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 31.07.2015-ci il tarixli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən” görünür ki, Bank tərəfindən Cavabdeh 24 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 282,22 manat əsas, 1522,84 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 42,56 manat faiz borcu olmaqla, ümumilikdə 1847,62 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka cəmi 1847,62 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 282,22 manat kredit borcunun və kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 42,56 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1522,84 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən Bankın xeyrinə 282,22 manat əsas borc, 20 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 42,56 manat faiz borcu olmaqla, ümumilikdə 344,78 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 282,22 manat əsas borc, 20 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 42,56 manat faiz borcu olmaqla, ümumilikdə 344 (üç yüz qırx dörd) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borc və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar