Məhkəmə qərarları › İş №2(039)-1767/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1767/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1767/2025 14.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 20000 manat məbləğində borcun və 150 manat dövlət rüsumunun tutulub onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-1929 reyestr sayla təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar -iddiaçılar bacı-qardaşdır. Cavabdeh ilə onların arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Onların Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında 3.88 ha olan torpaq sahəsinin hər birinə məxsus olan 0.97 ha hissəsini bötövlikdə cəmi 1.94 ha hissə olmaqla Cavabdeh Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi X2 tərəfindən xx.xx.2023- cü il tarixdə, 4Ə-1929 reyestr sayla təsdiq edilmiş müqavilə ilə satılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş bölgü planında göstərilən hissədən alıcı Cavabdeh 1.94 ha torpaq sahəsi və X4 məxsus 1.94 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Hal-hazırda həmin müqavilənin etibarsızlığını tələb edirlər. Bu barədə cavabdehə poçt vasitəsilə yazılı ərizə göndərmişlər. Sözügedən müqavilə bağlanarkən cavabdeh bizə heçnə verməmişdir. Həmçinin müqavilədə qiymət 5000 manat yazılmışdır. Halbuki real bazar dəyəri 12000 manatdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş bölgü planından göründüyü kimi, mübahisəli torpaq sahəsinin 1.94 ha hissəsi qardaşları X3, 1.94 ha hissəsi isə cavabdehin sahibliyində və istifadəsindədir. Qardaşının hissəsi 12000 manat dəyərində qiymətləndirilmişdir. Necə ola bilər ki, eyni cizgidə eyni kateqoriyada olan torpaq sahəsin fərqli qiymətləndirilsin? Cavabdehin əmalkı 5000 manat dəyərində qiymətləndirməkdə məqsədi depozitə pul qoyulmaması olmuşdur. Əslində, 2011-ci ildən etibarən alqı-satqı müqaviləsinin predmetini təşkil edən və digər 1.94 ha torpaq sahəsi cavabdehin istifadəsində idi. 2023-cü ildə qardaşı Mahir Xankişiyev digər 1.94 ha torpaq sahəsini ayıraraq cavabdehdən təhvil aldı. Cavabdehin qardaşı İsrail Abışovla onun arasında 9500 manat borc münasibəti olduğu üçün və həmin ailəyə özünü borclu hiss etdiyi üçün bacısı ilə birlikdə öz paylarını cavabdehə satmışlar. Cavabdeh onlara pullarını kəsməyəcəyini, borcun bu alqı-satqıya aidiyyəti olmadığını, qara bazar qiyməti ilə onlara 20000 manat verəcəyivi bildirdi. Əslində, onlar heç iddia qaldırmaq niyyətində belə deyildilər. Çünki o, 2011-ci ildə Cavabdeh ailəsindən həmin torpaq sahəsi ilə bağlı 9500 manat (İsrail Abışov 5000 manat və İsmayıl Abışov 4500 manat) pul almışdı. İsrail Abışov 2024-cü ildə ona qarşı iddia qaldıraraq həmin pulu və indeksasiyasını tələb etdiyindən onların maddi vəziyyəti ağırlaşmışdır və bu səbəbdən hazırki iddia tələbini qaldırmışdır. Hesab edir ki, onların iradə ifadəsi zədələndiyindən alqı-satqı yalan əqd olmaqla, etibarsızdır. İddia tələbinə etiraz və etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, hazırki iddia tamamilə əsassız olmaqla, iddiaçıların uydurmaları və fərziyyələrindən ibarətdir. Onlar həqiqətən alqı-satqı etmişlər. 2023-cü ildə iddiaçılarla onun arasında həqiqətən 1.94 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur. Həmin müqavil notarial bağlanmışdır. Bütün rüsumları da o, ödəmişdir. Razılaşdıqları qiymət də ödənmişdir. Əksinə torpaq sahəsi şor olduğuna görə o, ziyana düşmüşdür. Ümumiyyətlə, iddiaçıların onlara ödənilməmiş borcu vardır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, onlara məxsus olan torpaq sahəsinin razılaşma əsasında cavabdehə 20000 manata satmış olduğunu, qeydi olunan pulu ödənilmədiyindən alqı-satqı müqaviləsini etibarsız hesab edilməsini və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda, məhkəmənin suallarına cavab olaraq, mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısı barədə təklifin cavabdehə onun tərəfindən edildiyini, notariusu da onun müəyyənləşdirdiyini, qardaşı Mahir Xankişiyevin torpaq bölgüsü ilə bağlı sənədləşmələrin Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən edildiyindən həmin alqı-satqı müqaviləsinin də həmin notariusda edilməsini qərarlaşdırdığını, cavabdehin isə buna razılaşdığını bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi X2 tərəfindən xx.xx.2023- cü il tarixdə, 4Ə-1929 reyestr sayla təsdiq edilmiş müqavilə zamanı iddiaçıların iradə ifadəsi zədələnmişdir. Belə ki, cavabdeh onları aldatmış, 20000 manat verəcəyini vəd etmiş, lakin müqaviləyə 5000 manat yazdırmışdır. Bu səbbəbdən hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. iddiaçılar və cavabdeh hər biri öz qardaşları ilə birlikdə birgə təsərrüfat aparırlar. Tərəflər arasında əvvəl də məhkəmə çəkişməsi olmuş, iş birinci və apellyasiya instansiyasında iddiaçının xeyrinə yekunlaşmışdır. Həmin məhkəmə mübahisəsi zamanı cavabdehin real niyyəti ortaya çıxdığı andan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən, hesab edir ki, iddia müddəti ötürülməmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ünvanlayaraq, iddiaçıların ona qarşı irəli sürdüyü xx.xx.2023-cü il tarixdə 4Ə-1929 reyestrlə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsasız olması ilə yanaşı iddia müddətinin ötürülməklə iddianın irəli sürüldüyü üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hazırki mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bağlanması təklifini onun evinə gələrək İddiaçı1 özü etmiş, o, isə bacısı Gülnarənin razılığı olub-olmamasını soruşduqda isə Tahir ona İddiaçı2 da torpaq sahəsini satmağa razı olduğunu, bu səbəbdən Elza Nəbiyevaya etibarnamə verdiyini bildirmişdir. Qiyməti isə ümumi razılaşaraq 5000 manat müəyyənləşdirdiklərini, hətta o, alqı-satqının Bərdə və ya Yevlax şəhərində fəaliyyət göstərən notariuslarda bağlamağı təklif etdiyini, iddiaçının isə buna razı olmadığını, iddiaçının israrı Mingəçevir Regional "Asan Xidmət” Mərkəzinə gedib orda alqı-satqı müqaviləsi bağladıqlarını bildirdi. Ramin Novruz oğlu tərəfindən onlara öz hüquqları izah edilmiş, onların hansı məsələ ilə bağlı dəvət olunmaları müəyyən edilmiş və həm iddiaçılar, həm o, özləri öz razılıqlarını ifadə edərək lazımı sənədlərə imza etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 cavabdeh ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh İddiaçı2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli əmlak bölgüsü barədə müqavilədən görünür ki, satıcılar Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi sahəsi 3.88 ha olan torpaq sahəsinin İddiaçı2 məxsus olan 0.97 ha hissəsini bütövlükdə və İddiaçı1 məxsus 0.97 ha hissəsini bütövlükdə cəmi 1.94 ha hissəsi olmaqla Cavabdeh Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-1929 reyestr sayla təsdiq edilmiş müqavilə ilə satmışdırlar. Azərbaycan Respublikası Əmlak X10 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş bölgü planında göstərilən hissədən alıcı Cavabdeh 1.94 ha torpaq sahəsi və X5 məxsus 1.94 ha torpaq sahəsi ayrılması müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-2074/2025 saylı məktubdan görünür ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı2 (1/4 hissə), İddiaçı1 (1/4 hissə) və X3 (2/4 hissə) adlarına olan 3.88 ha torpaq sahəsi Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M-1048 nömrəli əmlak bölgüsü barədə müqaviləyə əsasən bölünərkən İddiaçı2 (1/4 hissə) və İddiaçı1 (1/4 hissə) aid 1.94 ha torpaq sahəsi Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1929 nömrəli müqavilə ilə X1. Cavabdeh mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-176/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, ödənilmiş 238 manat dövlət rüsumunun iddiaçı X8 aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-176/2025 nömrəli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Məhkəmənin sorğusuna Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki; 30 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar İddiaçı2 ona məxsus olan (1/4 hissə, 0,97 ha) torpaq sahəsini 2500 manata və İddiaçı1 ona məxsus olan (1/4 hissə, 0,97 ha) torpaq sahəsini 2500 manata Cavabdeh satmışlar. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı1 məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə 150 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 647.Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Notariusun vəzifələri. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Yevlax rayonu, Qaramanlı kəndində yerləşən hər biri öz ümum paylı mülkiyyətlərində olan torpaq sahəsinin özlərinə məxsus 0.97 ha sahəsini, ümumilikdə 1,94 ha torpaq sahəsini digər paylı mülkiyyətçi X3 razılığı ilə və notarial qaydada Cavabdeh satmışlar, cavabdeh həmin müqavilə əsasında daşınmaz əmlaka olan mülkiyyət hüququnu reyestrdə dövlət qeydiyyatına aldırmışdır. Hazırda isə iddiaçılar cavabdeh ilə aralarında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilərək ləğvini tələb edir. İddia tələbinin əsaslandırılmasından və İddiaçı1 məhkəmə araşdırması gedişində verdiyi izahatlardan belə məlum olur ki, o və bacısı Gülnarə cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğvini qiymət barədə cavabdeh tərəfindən aldadılmaları səbəbindən tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilə yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, onların rekvizitləri, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflərdən İddiaçı1 şəxsən alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş və həmin müqaviləyə imza etmiş, İddiaçı2 isə səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil edilmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş, müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda həmin müqavilənin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə vurğulayır ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-ci (uydurma və yalan əqdin etibarsızlığı) maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırda iddiaçılar qeyd edilən şərtlərdən iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin, nəzərə alınmalıdır ki, müvafiq alqı-satqı müqaviləsi barəsində mübahisə edilənə, yəni iddiaçı tərəfindən iradə ifadəsi əqdin iştirakçısı olan cavabdehə bildirilənə qədər əqd hüquqi müstəvidə etibarlı əqd kimi çıxış etmiş və müvafiq hüquqi nəticələrə səbəb olmuşdur. Məhz bunun nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, alıcı isə əşyanı qəbul edib əvəzində alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, alqı-satqı müqaviləsinin bağlanması zamanı səlahiyyətli şəxslərin iştirakı (alıcı və satıcı) və müqavilənin hüquqi təbiəti ona verilən anlayışda dəqiq əks olunmuşdur. Müqavilənin formasına dair şərtlərə gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (AR MM 144.1). Qeyd edilən etibarlılıq şərtlərindən yalnız iradə ifadəsinin sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər mübahisələndirilsə də, məhkəmə hesab edir ki, əqdin etibarlılıq şərtlərindən hər birinin yoxlanılması hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması gedişində müqavilənin səlahiyyətli şəxslərin (alıcı, satıcı, ümum paylı mülkiyyətin digər payçısı) iştirakı ilə bağlanması, forma və məzmun tələblərinə dəqiq riayət edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılması zamanı yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, həmin məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). İş üzrə keçirilmiş məhkəmə iclaslarında tərəflərin izahatları ilə bir daha müəyyən edilmişdir ki, tərəflər alqı-satqı niyyəti ilə müvafiq müqaviləni bağlamışlar. Həmçinin, bu cür niyyət yalnız cavabdehin deyil, iddiaçıların hərəkətləri (salqı-satqıya dair təklifin onlardan gəlməsi, hansı notariusda müqavilənin bağlanmasının müəyyən edilməsi) ilə əhatə olunmuş, iradə ifadələri alqı-satqı müqaviləsinin bağlanmasına yönəlmişdir. Bununla da müəyyən olunur ki, mübahisəli əmlakın alqı-satqısı zamanı bununla bağlı bütün hüquq və vəzifələr notarius tərəfindən tərəflərə izah olunmuş, həmin müqavilənin doğuracağı nəticələri barədə tərəflərə məlumat verilmiş, ümumiyyətlə müqavilənin mahiyyətindən tərəflər məlumatlı olmuşlar. İş üzrə qeyd edilən hər bir faktiki hal, eləcə də tədqiq edilmiş sübutların məcmusu onu deməyə əsas verir ki, iddiaçıların müvafiq alqısatqı müqaviləsi bağlanan zaman iradə ifadəsi təhrif olunmamış, müqavilə tərəflərinin hər birinin iradə ifadələri vəhdət təşkil etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək qeyd edir ki, iddiaçılar iddia ərizəsinə iddia tələbinin əsaslandırıldığı halları- sözügedən müqavilənin bağlanması zamanı onların aldadılmasının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsaslarının nədən ibarət olması təsdiq edən edən hər hansı mötəbər sübut əlavə etməmiş və məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları və bununla da iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. İddiaçılar alqı-satqı müqaviləsi bağlanarkən qiymət barədə cavabdeh tərəfindən aldadılmaqlarını iddia edərək alqı-satqı müqaviləsinin yalan əqd olduğnu və etibarsızlığını tələb etsələr də, müqavilə predmeti olan daşınmaz əmlakın qiyməti ilə bağlı cavabdeh tərəfindən aldadılmaqlarına dair hər hansı sübut təqdim edə bilməmişlər. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla iddiaçılar və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi həm mülki qanunvericiliyin, həm də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə riayət olunmaqla bağlanması təsdiq edilmişdir. Bununla da, qeyd olunan müqavilənin ləğv və ya etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan hallar mövcud deyildir. Həmçinin, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı vurğulayır ki, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia tələbinə iddia müddətinin təbiqi barədə ərizə təmin edilmir. Belə ki, qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən məlum olduğu kimi, etibarsızlığın növündən asılı olaraq, bəzi tələblərə müxtəlif müddətlər (iddia və ya kəsici) tətbiq olunur, bəzi tələblərə isə ümumiyyətlə hər hansı müddət şamil olunmur. Əhəmiyyətsiz əqd hər hansı məhkəmə qərarı tələb olunmadan, öz-özlüyündə puç əqd olduğundan, onun etibarsız hesab olunması üçün iddia qaldırmağa da zərurət yoxdur. Düzdür, belə iddialar verilir və məhkəmələr də onlara baxaraq əqdin etibarsız hesab olunması barədə qərar qəbul edirlər. Əslində, həmin məhkəmə qərarı əhəmiyyətsiz əqdin etibarsız hala gətirilməsinə yox, əqdin əhəmiyyətsiz olması halının məhkəmə qaydasında təsbit olunmasına xidmət edir. Mülki Məcəllənin 354.1-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Xüsusi olaraq nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara tətbiq olunan müddət iddia müddətidir və bu müddət yalnız əhəmiyyətsiz əqdin predmetini əvəz edilən əşyalar (mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalar) təşkil etdikdə keçərlidir. Yəni, əhəmiyyətsiz əqdin predmetini əvəz edilə bilməyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) təşkil etdikdə, bu tələblərə iddia müddəti tətbiq oluna bilməz, çünki bu əşyalar əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı1 tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-1929 reyestr sayla təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar