Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1777/2021 26.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 025A********** saylı kredit müqaviləsi üzrə 800,1 manat məbləğində kredit borcu, 438,08 manat məbləğində faiz borcu və 694,98 manat cərimə borcu olmaqla, ümumilikdə 1933,16 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə 31.08.2018-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,0833% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.04.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 699,9 manat ödəniş etmiş və onun Banka 800,1 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15.07.2021-ci il tarixə 834 gün üçün hesablanmış faiz borcu 438,08 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 15.07.2021-ci il tarixə 834 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 694,98 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin kredit götürən ilə birgə məsuliyyət daşıyır. İddiaçı Bankın nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2018-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 2,0833 faiz dərəcəsi olmaqla 1500 (bir min beş yüz ) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 31 avqust 2018-ci il tarixli, 025A**********№li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında 31.08.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3(üç) il müddətinə qüvvədədir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 800,1 manat məbləğində kredit borcu, 438,08 manat məbləğində faiz borcu və 694,98 manat cərimə borcu olmaqla, cəmi 1933,16 manat borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa, Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 31.08.2018ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh1 800,1 manat məbləğində əsas borcu, 438,08 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 694,98 manat cərimə (dəbbə) tətbiq edilmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəliklər icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəliklər icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka ödənilməmiş borcu qalmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlərdən 800,1 manat əsas kredit borcunun, 438,08 manat faiz borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 694,98 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 80 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 800,1 manat kredit borcu, 438,08 manat faiz borcu və 80 manat cərimə olmaqla, cəmi 1318,18 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 800,1 manat kredit borcu, 438,08 manat faiz borcu və 80 manat cərimə olmaqla, cəmi 1318 (min üç yüz on səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1777/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1777/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver