Məhkəmə qərarları › İş №2(039)-1835/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1835/2022

02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1835/2022 02.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1519,43 manat əsas borc, 190,66 manat faiz borcu və 27,96 manat cərimə borcu olmaqla, cəmi 1738,05 manat borcun və ödənilmiş 37.38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 26%-lə 18 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixədək Cavabdeh1 Banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 1519.43 manat əsas borc, 190.66 manat faiz borcu və 55.91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1766 manat borcu vardır. Cavabdeh1 xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə banka olan cəmi borcu 55.91 manat təşkil etməsinə baxmayaraq, cəmi məbləği kredit müqaviləsindən nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayış üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olamaqla, yəni 27.96 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 6-MCR-1-593-21/1 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz ödəmək şərti ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli 6-MCR-1-593-21/1 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, Z/04478/21 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli 6-MCR-1-593-21/1 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, Z/04480/21 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 1519,43 manat əsas borc, 190,66 manat faiz borcu və 27,96 manat cərimə borcu olmaqla, cəmi 1738,05 manat borcu var. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 27.96 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka 1519,43 manat əsas borc, 190,66 manat faiz borcu və 2 manat cərimə borcu olmaqla, cəmi 1712,09 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1519,43 manat əsas borc, 190,66 manat faiz borcu və 2 manat cərimə borcu olmaqla, cəmi 1712,09 manat borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 37,38 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1519,43 manat əsas borc, 190,66 manat faiz borcu və 2 manat cərimə borcu olmaqla, cəmi 1712.09 manat borc və 37.38 manat dövlət rüsumu, müştərək qaydada xx.xx.1980-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 10, mənzil 5-da qeydiyyatda olan Cavabdeh1, xx.xx.1971-cı il tarixdə Füzuli rayonu, Şıxlı kəndinə doğulmuş, Füzuli rayonu, Şıxlı kəndinə qeydiyyatda olan Cavabdeh2 və xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar