Məhkəmə qərarları › İş №2(039)-1859/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1859/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1859/2020 04.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərdən ondan borc aldıqları pulun ödənilməsi məqsədi ilə 1800 manatın, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, birinci Cavabdeh1 2019-cu ilin ortalarında ondan 1800 manat pul almış və ehtiyacı olduğu üçün iş yoldaşı olan ikinci Cavabdeh2 vermişdir. Cavabdeh1 ondan aldığı pulu Cavabdeh2 əmək haqqısından hissə-hissə ödəməyə söz versə də, bu günə kimi həmin pulu ona qaytarmamışlar. Dəfələrlə tələb etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 2019-cu ildə fevral və mart aylarında iş yoldaşı Kifayətin(digər cavabdeh) xahişi ilə İddiaçı hər dəfə 500 manat olmaqla, cəmi 1000 manat alıb Kifayətə vermişdir. Pulu alarkən o, pulu iş yoldaşı Kifayət üçün aldığını bildirmiş və iddiaçı buna etiraz etməmişdir. Kifayət bunun müqabilində maaş kartını Solmaza vermişdir. Solmaz isə iyul ayına qədər kartdan hər ay müəyyən məbləğlər çıxarmış və qalan məbləği Kifayətin özünə vermişdir. İyul ayında kart işləmədiyi üçün Solmaz kartdan pul çıxara bilməmişdir. O, Solmazdan pul almamış, ancaq 1000 manat pulun Kifayətə verilməsində vasitəçilik etmişdir. Bu səbəbdən ona qarşı irəli sürülmüş tələb əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, 2019-cu ilin fevral və mart aylarında Fəxriyyə onun xahişi ilə hər dəfə 500 manat olmaqla, cəmi 1000 manat pulu Solmazdan alaraq ona vermişdir. Bu zaman o, maaş kartını Solmaza vermişdir. Bundan sonra aprel ayında bir dəfə 500 manat, bir dəfə isə 300 manat olmaqla cəmi 800 manat şəxsən Solmazdan pul almışdır. Solmaz isə fevral ayından iyul ayına qədər ona məxsus maaş kartından cəmi 858 manat pul çıxarmışdır. Hazırda onun iddiaçıya 942 manat borcu var və o, həmin hissədə iddia tələbini qəbul edir. Məhkəmə iclasında İddiaçı Cavabdeh2 maaş kartının fevral-iyun aylarında onda olduğunu təsdiqləmiş, lakin həmin müddətlərdə kartdan nəqə qədər pul çıxardığını xatırlamadığını bildirmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 pulun iddiaçıdan alınıb digər Cavabdeh2 verilməsində vasitəçilik etmişdir. Göründüyü kimi, Cavabdeh1 pulun iddiaçıdan alınıb Cavabdeh2 verilməsini sonuncunun tapşırığı ilə icra etmişdir. Həmin pulun iddiaçıya qaytarılması ilə bağlı isə sonuncunun qarşısında hər hansı öhdəlik götürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır və təmin edilmə bilməz. Digər Cavabdeh2 ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh2 iddiaçıdan 1800 manat pulu aldığını, bunun müqabilində maaş kartını iddiaçıya verdiyini və iddiaçının maaş kartından 858 manat pul çıxardığını bildirir. İddiaçı isə maaş kartından pul çıxardığını, lakin pulun məbləğini xatırlamadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdehə vermiş olduğu borcun 1800 manat təşkil etməsini sübut edə bilmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh2 etiraf etdiyi hissədə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 942 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh2 942 (doqquz yüz qırx iki) manat məbləğində pul və 30,40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar