Məhkəmə qərarları › İş №2(039)-19/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-19/2025

15.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-19/2025 15.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Cavabdeh qarşı “hərbi qulluqçunun təqsiri üzündən N nömrəli hərbi hissəyə dəymiş N manat N qəpik maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə 15 sentyabr 2025-ci il tarixdə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi Cavabdeh qarşı “hərbi qulluqçunun təqsiri üzündən N nömrəli hərbi hissəyə dəymiş N manat N qəpik maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən Azərbaycan Respublikası CM-nin 351.3-cü maddəsi ilə cinayət əməlini törətmiş şəxs Cavabdeh həmin cinayət nəticəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə vurulmuş N manat N qəpik pulun tutularaq N nömrəli hərbi hissəyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissənin əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edərkən 13 avqust 2021-ci il tarixdə həmin hərbi hissənin mayor X5, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər X11 və digər hərbi qulluqçularla mülki avtomobildə xidməti zərurətlə əlaqədar N nömrəli hərbi hissədən çıxıb Kəlbəcər rayonuna yola düşmüşlər. Həmçinin həmin hərbi hissənin maddi təminat bölüyünün avtomobil taqımının manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş X8 ona təhkim olunmuş, sürücüsü olduğu, N nömrəli hərbi hissənin səyyar rabitə qovşağının mühəndis-qovşaq rəisinin müavini vəzifəsində xidmət edən leytenant X3 maşın böyüyü olduğu və hərbi hissəyə məxsus “MAZ 631708”markalı, B871 HM hərbi qeydiyyat nömrə nişanlı, yük hissəsi odun tədarükü ilə yüklənmiş, texniki cəhətdən saz vəxziyyətdə olan xüsusi təyinatlı yük avtomobilini idarə edərək xidməti zərurətlə əlaqədar olaraq 13 avqust 2021-ci il tarixdə, saat 09:50 radələrində N nömrəli hərbi hissədən çıxıb Kəlbəcər rayonu, Dəmirçidam yaşayış məntəqəsində yerləşən hərbi hissənin 22-ci batareyasına odun tədarükünün çatdırılması məqsədi ilə Mingəçevir- Göygöl-Ömər aşırımı-Kəlbəcər yolu ilə Kəlbəcər rayonu istiqamətində getmişlər. Həmin gün əsgər Cavabdeh sərnişin olduğu minik avtomobil Göygöl rayonu, Sarıqaya kəndinin yaxınlığında nasaz hala gələrək qeyd olunan istiqamətdə hərəkəti davam etdirə bilmədiyindən o, əsgər Babək Əhmədov və Rövşən Bəyəliyev ilə Kəlbəcər rayonuna getmək üçün həmin yerdə sürücü çavuş Anar Cəfərovun dayandırdığı “MAZ 631708” markalı, B 871 HM hərbi qeydiyyat nömrə nişanlı avtomobilin kabinəsinə əyləşmiş və həmin avtomobillə hərəkətə davam etmişlər. Onlar bir müddət dağlıq yolla sürücü çavuş Anar Cəfərovun idarə etdiyi avtomobillə hərəkətdə olduqdan sonra sonuncu avtomobili dayandırıb yoxlamışdır. Avtomobildə hər hansı nasazlıq aşkar edilməsə də, hərəkətə başlamamışdan əvvəl sürücü Anar Cəfərov həmin dağlıq, aşırımlı yolda avtomobili idarə etməyi ehtiyat etdiyini, Cavabdeh isə daha təcrübəli sürücü əsas gətirərək ondan həmin avtomobili idarə etməsini xahiş etmiş, sonuncu da mayor Rövşən Bəyəliyevin və avtomobilin böyüyü leytenant Eldar Həsənlinin də buna etiraz etməyərək razı olduqlarına görə razılaşmış və həmin yerdən qeyd olunan avtomobili idarə etməyə başlayaraq hərəkətə davam etmişdir. Təhlükəli yol şəraitində avtomobillə əks hərəkət zolağına çıxaraq, sürətlə ötmə əməliyyatı edərkən idarəetməni itirdiyindən avtomobili sağ hərəkət zolağına qaytara bilməyərək 50-77 km sürətlə dərədən aşağı 25-30 metr dərinliyə aşmış, nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi”MAZ 631708” markalı avtomobilin maşın başçısı olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu leytenant X6 “kəllə tağının sınığı, kəllə əsasının sınığı, baş beynin diffuz travması”, maşının sürücüsü olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu çavuş Cəfərov Anar müstəqim oğlunun isə “baş beynin diffuz travması” alaraq həlak olmalarına, N nömrəli hərbi hissənin hərbi qulluqçuları mayor X2 “sağ incik sümüyünün aşağı 1/3-nin, aşıq baldır oynaq daxili qapalı sınığı, sol mil-bilək oynağının daxili qəlpəli sınığı travması”, X9 “bədənin ümumi küt travması, qapalı kəlləbeyin travması, təpə nahiyəsinin sağ bel və sağ əlarxa nahiyəsinin sıyrılmış yarası travması” və özünün “Bədənin ümumi küt travması, sol daban sümüyünün yerini dəyişməyən sınığı travması” ilə xəsarət almalarına səbəb olmuşdur. Nəticədə Cavabdeh “MAZ 631708” markalı “B 871 HM” hərbi nömrə nişanlı avtomobilə 85707 ( səksən beş min yeddi yüz yeddi) manat 5 (beş) qəpik maddi ziyan vurmuşdur. “MAZ 631708” markalı “B 871 HM” hərbi nömrə nişanlı avtomobil Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin balansındadır. Avtomobilin qəzaya uğradığı yerdən təxliyyə olunması üçün hərbi hissənin texniki imkanları olmadığına görə dəymiş maddi ziyanı tam müəyyənləşdirmək mümkün olmamış və bu məqsədlə xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin Maddi-texniki təminat idarəsinin avtomobil xidmətinə avtomobilin düşdüyü dərədən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət edilmişdir. Həmçinin avtomobil texnikasının düşdüyü dərədən çıxarılıb təxliyyə olunmasına hərbi hissənin texniki imkanlarının olmadığı, buna görə də avtomobil texnikasını qiymətləndirib hərbi hissəyə dəymiş maddi ziyanın müəyyənləşdirilməsinin mümkün olmaması və gələcəkdə dəymiş ziyan müəyyənləşdirildikdə N nömrəli hərbi hissəyə ziyan vurmuş əsgər Cavabdeh tərəfindən hərbi hissəyə dəymiş ziyanın ödənilməsi üçün mülki iddia veriləcəyi xx.xx.2022-ci il tarixdə məktub vasitəsilə rəsmi qaydada Gəncə Hərbi Məhkəməsinə bildirilmişdir. xx.xx.2022-ci il tarixdə avtomobil texnikasının ilkin qiyməti barədə akt məktubla hərbi hissəyə daxil olmuş və bu haqda xx.xx.2022-ci il tarixdə məktubla Gəncə Hərbi Məhkəməsinə məlumat verilmişdir. Təqdim edilmiş aktda MAZ 631708 markalı avtomobil texnikasının qiyməti 182355 ( yüz səksən iki min üç yüz əlli beş) manat 42 (qırx iki) qəpik göstərilmişdir. Bu əsasla avtomobil texnikasının dəyəri amortizasiya nəzərə alınmaqla hesablanaraq xx.xx.2022-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinə təqdim edilmiş və ümumilikdə Cavabdeh N nömrəli hərbi hissəyə vurduğu və qaytarmalı olduğu maddi ziyanın məbləği 85707 (səksən beş min yeddi yüz yeddi) manat 5 (beş) qəpik təşkil edir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi. Eyni zamanda bildirdi ki, məhkəmənin qərardadı əsasında qiymətləndirmə rəyi ilə tanış olmuşdur və iddianın həmin hissədə təmin edilməsinə etiraz etmir. Verilmiş suala cavab olaraq bildirdi ki, qiymətləndirmədə göstərilən məbləği qəbul edir. Sözügedən avtomobil 6 ay dərədə qalmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan cavabdeh xx.xx.2024-cü il tarixdə müəssisə vasitəsilə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdeh iddia tələbində göstərilən məbləğlə razı deyildir. Avtomobil uzun müddət dərədə qaldığından ehtiyat hissələrinin yararsız vəziyyətə düşməsini bildirmişdir. Cavabdeh vəkili X4 izah etdi ki, iddianı qəbul edirlər və qiymətləndirilmədə qeyd edilən məbləğə münasibətdə iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Gəncə Hərbi Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1-1(095)-031/2022 nömrəli hökmündən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və o, dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlli həbsə alındığı gündən, 31 mart 2022-ci il tarixdən hesab edilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 24 sentyabr 2021-ci il tarixli, 60/4 nömrəli “Qəzaya uğramış MAZ-631708 markalı, B 871 HM hərbi qeydiyyat nişanlı avtomobil texnikasının texniki baxış (qüsur) aktından məlum olur ki, xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayonunun Yanşaq yaşayış məntəqəsində qəzaya uğramış N nömrəli hərbi hissənin maddi təminat bölüyünün uçotunda olan MAZ-631708 markalı, B 871 HM hərbi nömrə nişanlı avtomobil texnikasına baxış keçirilərkən, kabina, cihazlar lövhəsi, ön qabaq şüşə, su radiatoru, istilik radiatoru, hidromufta sol güzgü, kabinanın sol qanadı, kabinanın qaldırıcı mexanizmi, sol qapı şüşəsi, kapot, qapının ventelyasiya şüşəsi, nömrə nişanı (arxa, qabaq nömrə nişanı yoxdur), yük platforması sıradan çıxmış, şassi, mühərrik, qabaq körpü, orta körpü, arxa körpü, ötürücü qutu, paylayıcı qutu, sol hissədə olan avtoşinlərin sıradan çıxaması və ya deformasiya uğramaı ehtimalları olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 25 dekabr 2021-ci il tarixli, 449 nömrəli “Avtomobil texnikalarının dəyərlərinin qiymətləndirilməsi” aktından məlum olur ki, 2015-ci il buraxılışlı “MAZ-631708” markalı bortlu yük avtomobili 182355.42 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Gəncə Hərbi Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 513 nömrəli məktubdan məlum olur ki, 2015-ci il buraxılışlı “MAZ-631708” markalı avtomobilə aşınması nəzərə alınmaqla N manat maddi zərər dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən daşınar əmlakın qiymətləndirilməsi barədə 08 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, 2015-ci il buraxılışlı “MAZ-631708” markalı yük avtomobilinin hazırki bazar qiyməti 95800 manat təşkil edir (aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8361 nömrəli rəyindən məlum olur ki, 2015-ci il buraxılışlı, “MAZ 631708” markalı, B 871 HM qeydiyyat nişanlı yük avtomobilinin, normal vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı avtomobilin, mülki iş materiallarında olan Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilən amotizasiya aşınma faizi nəzərə alınmaqla normal, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan bazar qiyməti hesablama yolu ilə təxminən 85707 (182355,42-53%) manat müəyyən olunmuşdur (aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin materaialların məhkəmə ekspertizası Məhkəmə iqtisad ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1522-8/618 nömrəli rəyindən məlum olur ki, aparılmış yol-nəqliyyat hadisələrinin ekspertizalarının tədqiqatının nəticələrinə və təqdim edilmiş iş materiallarında olan Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən tərtib edilmişxx.xx.2022-ci il tarixli akta əsasən amortizasiya aşınma faizi nəzərə aınmaqla 2015ci il buraxılışlı,”MAZ-631708” markalı yükavtomobilinin normal,təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 85707,(182355,42-35%)manat müəyyən olunur. (aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin materaialların məhkəmə ekspertizası məhkəm-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/685 nömrəli rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan fotoşəkillərdə tədqiqat obyekti olan 2015-ci il buraxılışlı, “MAZ-631708” markalı yük avtomobilinin tamamilə yararsız vəziyyətə düşdüyü görünür. Bildirilir ki, nəqliyyat vasitələrinin sıradan çıxmış, həmçinin salamat qalmış hissələrinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Belə ki, nəqliyyat vasitələrinin sıradan çıxmış, həmçinin salamat qalmış hissələri müvafiq sahə üzrə (dəmirçi, çilingər, armaturçu, elektrik, rəngsaz və sair) ixtisaslaşmış mütəxəssislər tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suala cavab vermək mümkün olmamışdır (aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMCnin 28 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “MAZ-631708” markalı, B 871 HM dövlət qeydiyyat nişanlı yük avtomobilinin yararsız hala düşmüş ehtiyat hissələrinin dəyəri və əl haqqı peşəkər ustaların göstərdiyi qiymətlər əsasında 12210 manat təşkil edir (aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir). Beləliklə məhkəmədə müəyyən olundu ki, 13 avqust 2021-ci il tarixdə Cavabdeh “MAZ 631708” markalı, B 871 HM qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən idarəetməni itirmiş və avto qəza baş vermişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən N manat N qəpik ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza keçirilmiş və avtomobilə dəymiş ziyanın məbləği 12210 manat olduğu müəyyən edilmişdir. Cavabdehin vəkili iddianı qəbul etdiklərini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəklərinin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 12210 manat məbləğində pul Cavabdeh iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xeyrinə verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12210 manat dəymiş ziyan tutularaq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cavabdeh qiymətləndirmənin dədqiqat dəyəri olan 200 manat tutularaq "xxxx" MMC-nin xeyrinə tutulsun (VÖEN ********** nömrəli, "xxxx" ASC Yevlax filialı, KOD 509299 VÖEN: ********** (bankın Vöeni) H/h: AZ61BRES********************, M/h: AZ80NABZ********************, SWİFT: BRESAZ722). Cavabdeh qiymətləndirmənin dədqiqat dəyəri olan 300 manat tutularaq "xxxx" MMC-nin xeyrinə tutulsun (VÖEN ********** nömrəli, ABB Ağdaş filialı, Bankın SWİFT kodu İBAZAZ2X, müxbir hesabı: AZ03NABZ013501**********2944, Bank kodu: 805409, Bankın VOEN-İ **********). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar