Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1910/2021 21.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Qalib İsrafilova və Cavabdeh2 qarşı iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1la bağlanmış 07 sentyabr 2015-ci il tarixli L.D/15250/00001 saylı kredit müqaviləsinə xitam veriləsini və cavabdehlərdən müştərək qaydada 1,332 ABŞ dolları əsas borc, 151 ABŞ dolları kredit faizləri üzrə borc, 133 ABŞ dolları cərimə, cəmi 1,616 ABŞ dolları borcun və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC "Yevlax" Filialı ilə cavabdeh Qalib İsrəfllov arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli LD/15250/00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 07 mart 2017-ci il tarixə qədər illik 22.1% dərəcəsini tətbiq etməklə 1,500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin may 07 sentyabr 2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “Zamin” Təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. (07 sentyabr 2015-ci il tarixli LD 15250/00001 saylı zaminlik müqaviləsi). Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirəmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Ülvi Cumayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehlərə kompensasiya düşdüyündən onlara güzəşt edilmişdir, hazırda müqavilə üzrə yalnız 405.24 ABŞ dolları borc mövcuddur. İddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 2018-ci ildə öldükdən sonra borc üzrə tutma onun pensiyasına yönəldilmişdir. Hazırda özü xəstədir, maddi imkanı yoxdur. Bu səbəbdən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Təqdim olunan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli LD15250/00001 saylı kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında sonuncuya 18 ay müddətinə 07 mart 2017-ci il tarixə qədər illik 22.1% dərəcəsini tətbiq etməklə 1,500 ABŞ dollar məbləğində kredit verilmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli LD/15250/00001 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. BOKT "xxxx" ASC tərəfindən təqdim edilmiş 21 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilir ki, kredit müqaviləsi üzrə 405.24 ABŞ doları məbləğində əsas borc qalmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli LD/15250/00001 saylı kredit müqaviləsi əsasında sonuncuya 18 ay müddətinə 07 mart 2017-ci il tarixə qədər illik 22.1% dərəcəsini tətbiq etməklə 1,500 ABŞ dollar məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 zaminlik müqaviləsi bağlamaqla qeyd edilən kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Mövcud sübutlarla cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borca görə birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 öldüyündən və ona məxsus miras əmlakı qəbul etmiş vərəsələri müəyyən edilmədiyindən borc Cavabdeh2 aid edilməlidir. Əsas borcunun düzgün hesablanmadığına dair cavabdeh hər hansı sübut təqdim etməmiş, bunu mübahisələndirməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 07 sentyabr 2015-ci il tarixli LD/15250/00001 saylı kredit müqaviləsi üzrə yaranmış borcdan 405.24 ABŞ dolları, habelə ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh2 izah edilməlidir ki, öhdəliyi icra etdikdən sonra borclu mərhum Cavabdeh1 vərəsələrinə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 07 sentyabr 2015-ci il tarixli LD/15250/00001 saylı kredit müqaviləsi üzrə 405 (dörd yüz beş) ABŞ dolları 24 (iyirmi dörd) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi BOKT "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1910/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1910/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver