Məhkəmə qərarları › İş №2(039)-1938/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1938/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1938/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17500 manat məbləğində borcun və 210 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi iş yoldaşı olaraq yaxından tanıyır, onunla dustluq münasibətləri olmuş, hətta əvvəllər valideyinləri də çox mehriban olublar. Cavabdeh 2019-cu ilin dekabr ayında onunla görüşərək vacib ehtiyacı olduğundan 4500 manat borcu pul istəmiş, cavabdehi çox yaxından tandığına görə və ona inandığı üçün razılaşmışdır. Cavabdeh könüllü olaraq geniş formada borc müqaviləsi yazdıqdan sonra 01 yanvar 2020-ci il tarixdə faizsiz olaraq ona həmin pulu borc vermişdir. Cavabdeh borcunu xx.xx.2020-ci il tarixdə ödəyəcəyini bildirmiş, həmin borcu ödəmədən borcların hamısın qaytarmaqdan ötrü və Yevlax Bərədə yolunda kafe götürüb işlətməyə başlamaq üçün cavabdeh ona pul lazım olduğunu bildirmiş, əvvəlki pulunu qaytarması xatirinə və cavabdehin onunla çox yaxın dostluq münasibəti xatirinə əlacsız qalaraq yenidən borc müqaviləsi yazdırıraq ona 13000 manat faizisiz borc pul vermişdir. Cavabdeh borc müqaviləsində pulu faizsiz götürdüyünü, bu müqavilələri yazmağa onu heç kəsin məcbur etmədiyini və müqavilələrin doğruluğun öz imzası ilə təsdiq etmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, məhkəmə prosesində səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıdan tələb etdiyi məbləğdə pulu götürməmiş, götürdüyü cəmi 600 manat olmuşdur ki, onu da qaytarmışdır. Lakin, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş borc müqavilələrini iddiaçının yalan vədlərinə inanaraq özü yazaraq imzaladığını qeyd etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən yazılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli borc müqvilələrindən görünür ki, cavabdeh iddiaçıdan cəmi 17500 (450+13000) manat pul borc almışdır. Yevlax rayonu, Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 229 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Yevlax rayonu, Hacımahmudlu kəndində yaşayır. xx.xx.2022-ci il tarixli teleqramda İddiaçı səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, iddiasını müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 17500 manat məbləğində pul vermiş, Cavabdeh 17500 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 600 manat götürüb qaytardığını bildirsə də, bunu təsdiqləyəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 17500 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17500 (on yeddi min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 (iki yüz on) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar