Məhkəmə qərarları › İş №2(039)-1939/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1939/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1939/2022 28.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı «Azərmaş” MMC-nin Cavabdeh qarşı linziq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2249 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvvəqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 650.28 manat gecikdirilmiş əsas borc, 223.75 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 301.76 manat dəbbə pulu, 450 manat dəymiş zərər olmaqla ümumilikdə 1625.79 manat borcun və ödənilmiş 36.66 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli MAS-2249 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X2 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220337 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X9 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 11 mart 2021-ci il tarixdə X9, X10 və İddiaçı MMC arasında MAS-2249 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 04 mart 2020-ci il tarixli MAS-2249 saylı “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 05 aprel 2021-ci il tarixdə X10, Cavabdeh və İddiaçı MMC arasında MAS-2249 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 04 mart 2020-ci il tarixli MAS-2249 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 aprel 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 450 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 mart 2022-ci il tarixdə 300 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 04 mart 2020-ci il tarixli MAS- 2249 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2022-ci il tarixə 650.28 manat gecikdirilmiş əsas, 223.75 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 301.76 manat dəbbə pulu, ümumilikdə 1175.79 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC-nin direktoru X6 28 sentyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin vaxtı barədə cavabdehin məlumatı olmasına baxmayaraq, cavabdehin məhkəmə proseslərindən qərəzli olaraq yayındığını, bu halın isə məhkəmə prosesinin süni şəkildə uzadılmasına səbəb olmasını əsas gətirərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. İddiaçı MMC-nin direktoru X6 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan işə baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul edərək sözügedən müqavilə üzrə gecikdirilmiş əsas borcu qəbul etdiyini, iddiaçının tələb etdiyi mükafat və dəbbə pulu ilə razılaşmadığını, avtomobilə dəymiş zərərin isə 450 manatdan bir qədər az olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, İddiaçı MMC (lizinq verən) ilə X9 (lizinq alan) arasında 04 mart 2020-ci il tarixdə bağlanmış MAS-2249 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən lizinq obyektini X1 və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi dəyəri 13300 manatdır. X9 (öhdəlikləri ötürən), X10 (öhdəlikləri qəbul edən) və İddiaçı MMC arasında 04 mart 2020-ci il tarixdə bağlanmış MAS-2249 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X10 11 mart 2021-ci il tarixdə bağlanmış MAS-2249 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 Zaur Mirbala oğlunun istifadəsinə olan və İddiaçı MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. X10 (öhdəlikləri ötürən), Cavabdeh (öhdəlikləri qəbul edən) və İddiaçı MMC arasında 04 mart 2020-ci il tarixdə bağlanmış MAS-2249 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh 05 aprel 2021-ci il tarixdə bağlanmış MAS-2249 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X5 istifadəsində və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 04 mart 2020-ci il tarixli, MAS-2249 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borc üzrə 650.28 manat, mükafat borcu üzrə 223,75 manat, cərimə borcu üzrə 301.76 manat cəmi 1175.79 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC/ SERVİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktının surətindən görünür ki, “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat məbləğində təmir bərpa işləri (dəmirçi işi – 100 manat, armaturçu işi – 80 manat, rəngsaz işi 250 manat, elektrik işi 20 manat olmaqla) aparılmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 04 mart 2020-ci il tarixli MAS-2249 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyekti- “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 aprel 2021-ci il tarixdə Cavabdeh istifadəsinə və sahibliyinə verilmiş və lizinq obyekti 12 aprel 2022-ci il tarixədək sonuncunun istifadəsində olmuş, Cavabdeh lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, habelə həmin müddət ərzində avtomobilə 450 manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 301.76 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 11.76 manat müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 650.28 manat gecikdirilmiş əsas borc, 223.75 manat gecikdirilmiş mükafat və 11.76 manat dəbbə pulu və 450 manat dəymiş zərər olmaqla ümumilikdə 1335.79 manat borc və 36.66 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.66 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 650.28 manat gecikdirilmiş əsas borc, 223.75 manat gecikdirilmiş mükafat və 11.76 manat dəbbə pulu və 450 manat dəymiş zərər olmaqla, ümumilikdə 1335.79 manat borc və 36.66 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar