Məhkəmə qərarları › İş №2(039)-1959/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1959/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1959/2021 21.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə ailəvi münasibətləri olmuşdur. Cavabdeh 19 yanvar 2021-ci il tarixdə həyat yoldaşının müalicəsi üçün ondan 3000 manat borc pul istəmişdir. O da, əlində ehtiyat pulu olduğu üçün cavabdehə pulu vermişdir. Cavabdeh borcun məbləği ilə bağlı öz xətti ilə yazılmış ona qəbz də vermişdir. Borcu bir ay müddətində kredit götürüb qaytaracağını bildirmişdir. Lakin borcu qaytarmır. Hazırda o da çətin vəziyyətdə qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izah etdi ki, iddiaçının qardaşı ilə ailəvi dostdur. O iddiaçıdan 100 manat borc almışdır. Lakin qəbzdə 3000 manat yazmışdır. Digər işdə iddiaçıya qarşı şahidlik etdiyi üçün iddiaçı onu məhkəməyə vermişdir. Onun iddiaçıya cəmi 100 manat borcu var. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 3000 manat pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 3000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya 100 manat borcu olduğunu bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və iddiaçının razılığı ilə səsləndirilən səs yazmasında borcun məbləğinin 100 manat olması öz əksini tapmışdır. İddiaçı isə borcun 3000 manat olması barədə məhkəməyə cavabdeh tərəfindən yazılmış qəbz təqdim etmişdir. Cavabdeh qəbzin onun tərəfindən yazıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10-cu maddəsinə əsasən Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 200-cü maddəsinə əsasən Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar