Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1969/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, mğəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1850 (bir min səkkiz əlli) manat pulun və 38.50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh nisyə satılmış buğdaya görə 1550 (bir min beş yüz əlli) manat pulun və 300 (üç yüz) manat borc pulun alınıb ona verilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, izahatında göstərmişdir ki, Yevlax rayonunun Xaldan kəndində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yaşadığı Xaldan kəndində özünə məxsus avtomobil ehtiyyat hissələrinin satışı mağazası var və həmin mağazanın yanında arpa və buğda məhsulları satmaq üçün mağaza açmışdır. Cavabdeh qonşu kənddə yaşayır və onu uzun müddətdir ki, tanıyır. Əvvəllər də Cavabdehla aralarında avtomobil ehtiyyat hissələrinin nəğd və nisyə satışı ilə əlaqədar alver olmuş və aralarında heç vaxt narazılıq olmamışdır. Cavabdeh 2023-cü ildə ondan 1550 (bir min beş yüz əlli) manat dəyərində nisyə buğda almış və cavabdeh 1 ay müddətində aldığı malın dəyərini ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı malın dəyərini ödəməmişdir. Bundan başqa, cavabdeh həmin il ondan 300 (üç yüz) manat borc pul almış, lakin həmin borcunu da qaytarmamışdır. Cavabdeh aldığı nisyə buğdanın pulundan ona 150 (bir yüz əlli) manat qaytarmış, lakin hazırkı vaxtadək qalan borclarını qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh nisyə satılmış buğdaya görə 1400 (bir min dörd yüz) manat pulun və 300 (üç yüz) manat borc pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qisən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Ağdaş rayonunun Qəribli kəndində yaşayır. İddiaçı təxminən yeddi ildir ki, tanıyır. İddiaçı Xaldan kəndində yerləşən maşın sexi və mağazası vardır. İddiaçı məxsus Yevlax rayonunun Xaldan kəndində yerləşən maşın sexində usta işləyir. Cavabdeh 2023-cü ildə onun yanında İddiaçı 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində nisyə buğda almış və həmin buğdanın yüklənməsində iştirak etmişdir. Həmin buğdanın dəyərinin İddiaçı ödənilib-ödənilməməsindən məlumatı yoxdur. Bundan başqa, cavabdehin iddiaçıdan borc alması barədə də məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismindi dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Ağdaş rayonunun Qəribli kəndində yaşayır. İddiaçı üç ildir ki, tanıyır. İddiaçı Xaldan kəndində yerləşən maşın sexi və mağazası vardır. İddiaçı məxsus Yevlax rayonunun Xaldan kəndində yerləşən maşın sexində usta işləyir. Cavabdeh 2023-cü ildə onun yanında İddiaçı 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində nisyə buğda almış və həmin buğdanın yüklənməsində iştirak etmişdir. Həmin buğdanın dəyərinin İddiaçı ödənilib-ödənilməməsindən məlumatı yoxdur. Bundan başqa, cavabdehin iddiaçıdan borc alması barədə də məlumatı yoxdur. Beləliklə, məhkəmə iclasgnda mğəyyən edildi ki, Cavabdeh 2023-cü ildə İddiaçı 1550 (bir min beş yüz əlli) manat dəyərində nisyə buğda almış və aldığı buğdanın dəyərini bir ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcundan 150 (bir yüz əlli) manatını ödəmiş, lakin qalan 1400 (bir min dörd yüz) manat borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə iddianın 300 (üç yüz) manat borc pul tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehə 300 (üç yüz) manat borc pul verdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər də cavabdehin iddiaçıdan borc almasından məlumatlarının olmadığını bildirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat pul və 38.50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1969/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1969/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver