Məhkəmə qərarları › İş №2(039)-2000/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2000/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2000/2023 16.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8400 manat məbləğində pulun və 104 manat ödənilmiş dövlət rüsmunun alınıb ona verilməsi qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh yaxından tanıyır və onunla səmimi münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda cavabdehə 8400 manat pul vəsaiti vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 3800 manat və xx.xx.2022-ci il tarixdə isə 4600 manat pul vəsaitini cavabdehə borc vermişdir. Hər iki dəfə cavabdehə qeyd edilən məbləğdə pulu borc vermiş, cavabdeh isə bununla bağlı öz xətti ilə yazıb imzası ilə təsdiqlədiyi qəbz vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə 4600 manat borcu pul verərkən sonuncu xx.xx.2023-cü il tarixində borcunu qaytaracağına söz versə də halhazıradək qaytarmamışdır. Digər borc məbləğinə gəldikdə isə, cavabdeh tərəfindən yazılmış qəbzin məzmununda görünüdüyü kimi, cavabdeh ona məxsus 56 qram çəkidə qızılı lombarda qoyaraq 3800 manat pul götürmüş və cədvəl üzrə pulu ödəyəcəyinə söz versə də lombarda cədvəli üzrə heç bir ödəniş etməmişdir. O, isə öz növbəsində lombarda girov qoyulmuş qızıllar satılmasın deyə, ödəniş üzrə öhdəlikləri özü etmişdir. Hazırda cavabdehin ona ödənilməmiş 8400 manat pul vəsaiti borcu vardır. Həmin məbləğin ödənilməsi ilə bağlı onun tələblərini cavabdeh icra etmir, heç bir öhdəliklərini icra etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, İddiaçı 8400 manat borcunu olduğunu və həmin borcu qaytaracağına öhtəliyinə götürməyini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yazılmış qəbzlərin əslindən görünür ki, iddiaçı cavabdehə cəmi 8400 manat (3800+4600) borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 8400 manat məbləğində pul vermiş, Cavabdeh 8400 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 8400 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 104 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 104 (bir yüz dörd) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar