Məhkəmə qərarları › İş №2(039)-2009/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2009/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2009/2025 11.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 143 manat pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyi 30 manat olmaqla, cəmi 173 manat pul vəsaitinin alınıb onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu, Aran qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisidir. Cavabdeh ondan nisyə mal almış və həmin mala görə ödənilməmiş 143 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh borcunu ödəmir. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, iddiaçıya olan 100 manat borcu olduğunu etiraf etmişdir (ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirafını və iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı iddiasını qismən qəbul etdiyini ona 100 (bir yüz) manat borcu olduğunu qəbul etmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 30 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddələrinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə nisyə mal verərək sonuncu ilə mülki münasibətdə olmuş və nəticədə Cavabdeh İddiaçı borcu yaranmışdır. Sonuncu həmin pul məbləğini iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Habelə cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddiaçıya 100 manat borclu olduğunu etiraf etmişdir. İddiaçı isə cavabdehin ona məhz 100 manat deyil, 143 manat borclu olması ilə bağlı sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dəftər vərəqində “Kamil-40m+18m = 58m+35m+3m = 96m-60m = 36m+50m = 86m+1,70q-50m = 37,70q- 17,70q = 0+93,20q+18,80q+21m+10m” yazıları isə özünün birtərəfli qeydləri olmaqla, hər hansı sübut əhəmiyyəti daşımır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia yalnız cavabdehin etirafı hissəsində təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 100 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar