Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2021/2022 19.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1629 manat əsas borc, 400 manat hesablanmış faiz borcu, ümumilikdə 2029 manat borc və 41 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, EHK5828980 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 259 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 185 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh xx.xx.2019-cu il tarixli, EHK5828978 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1395 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1066 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh xx.xx.2020-ci il tarixli, EHK5828332 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 420 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 378 manat borcu qalmışdır. Odur ki, borcludan 1629 manat məbləğində əsas borcu, 400 manat faiz borcu və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2070 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan EHK5828980 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15 ay müddətinə hər ay 17 manat ödəniş etmək şərti ilə 259 manat dəyərində məişət avadanlığının alğı-satqısı barədə razılıq əldə olunmuşdur. iş materiallarında olan EHK5828978 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15 ay müddətinə hər ay 93 manat ödəniş etmək şərti ilə 1395 manat dəyərində məişət avadanlığının alğı-satqısı barədə razılıq əldə olunmuşdur. iş materiallarında olan EHK5828332 saylı, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 20 ay müddətinə hər ay 21 manat ödəniş etmək şərti ilə 420 manat dəyərində məişət avadanlığının alğı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış EHK5828978 saylı müqaviləsi üzrə ödənilməmiş 1066 manat əsas (qalıq) borcu, xx.xx.2019-cu il tarixdə bağlanmış EHK5828980 saylı müqaviləsi üzrə ödənilməmiş 185 manat əsas (qalıq) borcu və xx.xx.2020-ci il tarixdə bağlanmış EHK5828332 saylı müqaviləsi üzrə ödənilməmiş 378 manat əsas (qalıq) borcu vardır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 400 manat faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, müqavilədə 1 faiz cərimə faizinin hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən də, həmin 400 manat faiz borcu kimi yox, cərimə (dəbbə) borcu kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 400 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1629 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cəmi 1649 manat məbləğində (20 manatı cərimə olmaqla) borc Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1629 manat əsas borc, 20 manat cərimə, ümumilikdə 1649 manat borc və ödənilmiş 41 manat məbləğində dövlət rüsumu, xx.xx.1975-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Varvara kəndində yaşayan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2021/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2021/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver