Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2049/2025 25.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Babayeva Aybəniz Elman qızı, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 1400,0 manat pul və 350,0 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1750,0 manat pulun tutularaq İddiaçı2 verilməsi, əsas borca görə 1400,0 manat pul və 350,0 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1750,0 manat pulun tutularaq İddiaçı3 verilməsi, əsas borca görə 1600,0 manat pul və 450,0 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 2050,0 manat pulun tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Yevlax Rayon Məhkəməsinə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Əsaslandırıcı hissə: a) İş materialları: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı2 (VÖEN: **********) xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyata alınmış,əsas fəaliyyətini “ət üçün iribuynuzlu mal-qaranın və camışın yetişdirilməsi” təşkil edir, cavabdeh X1 (VÖEN: **********) xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyətini “ət və ət məhsullarının pərakəndə satışı” təşkil edir, b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi: Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir. Belə ki, hazırkı mübahisənin təməlində kommersiya münasibətləri dayanır. İddia ərizəsindən görünür ki, hazırki mübahisə satış məqsədi ilə alınmış mal-qaranın dəyərinin ödəniməməsindən yaranmışdır. Mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edilməlidir ki, iddiaçıların şəxsi təsəürraftları var. Onlar mal-qara yetişdirir və onun satışından gəlir əldə edirlər. Cavabdeh isə ət məhsullarının satışı ilə məşğuldur. Məhkəmə hazırkı mübahisənin subyektiv tərkibini, predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisənin təməlində sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətləri dayandığına görə hazırkı mübahisə kommersiya hüquq münasibətlərinin tənzimlənməsi (öhdəliklərin yerinə yetirilməsi) zamanı yaranan kommersiya mübahisəsidir. c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11- ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12- ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı2 və Cavabdeh arasındakı mübahisənin həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, qanunvericiliyin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirilərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalı olduğundan hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Bununla yanaşı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada 75,5 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, dövlət rüsumu ödənilməmişdir. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, iddiaçılara aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2049/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2049/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver