Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2088/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4,843.33 manat, faiz borcu üzrə 924.98 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış BPM**********39 nömrəli 23.06.2020-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faizlə 26 ay müddətinə 5,000 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 23.06.2020-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. BPM**********39 nömrəli 23.06.2020-cu il tarixli kredit müqaviləsinə əsasən 07.07.2021-ci il tarixinə Cavabdeh1 əsas borc üzrə 4,843.33 AZN, faiz borcu üzrə 924.98 AZN, cəmi 5,768.31 AZN borcu mövcuddur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Ruslan Məmmədov məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 öncəki iclas zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən BPM**********39 nömrəli 23.06.2020-cu il tarixli kredit müqaviləsi əsasında Bankdan illik 20 faizlə 26 ay müddətinə 5,000 AZN kredit götürmüşdür. Lakin, hərbçi olduğundan məlum hadisələrlə bağlı həmin borcu vaxtında ödəyə bilməmiş və bunun nəticəsində borc yaranmışdır. Cavabdeh2 xahiş etmişdir ki, zamin kimi formal olaraq müqaviləni imzalasın, bütün borcu özü ödəyəcəkdir. Bu səbəbdən iddianı yalnız ona münasibətdə və ancaq əsas borc hissəsində iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 xahişi əsasında zamin olaraq Bankla müqavilə bağlamışdır. Belə ki, Cavabdeh1 bildirmişdir ki, bütün borcu özü ödəyəcəkdir. Hazırda Cavabdeh1 Banka olan borcu ona məxsus kartdan çıxılır. Halbuki, onun özünün maddi ehtiyacları var. Ailə üzvü xəstədir, ona maddi dəstək gərəkdir. Ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim olunan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2020-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən sonuncu, illik 20 faizlə 26 ay müddətinə 5,000 AZN məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli və saylı Zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu, kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür. Maliyyə arayışlarına əsasən, 23 iyun 2020-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsi üzrə 07 iyul 2021-ci il tarixə 4,843.33 manat əsas, 924.98 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında BPM**********39 nömrəli 23.06.2020-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında sonuncuya illik 20 faizlə 26 ay müddətinə 5,000 manat kredit verilmişdir. Eyni tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və sonuncu, kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilələr üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Əsas və faiz borc hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin borcun əsassızlığına dair də hər hansı sübut müəyyən edilmədiyindən iddia tam olaraq təmin edilməli, iddia tələbində qeyd edilən məbləğdə borc, habelə məhkəmə xərci cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BPM**********39 nömrəli 23.06.2020-cu il tarixli kredit müqaviləsi üzrə 4,843.33 manat əsas, 924.98 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, habelə 0,40 manat bank xidməti xərci, ümumi 5,798 (beş min yeddi yüz doxsan səkkiz) manat 71 (yetmiş bir) qəpik iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2088/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2088/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver