Məhkəmə qərarları › İş №2(039)-2108/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2108/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2108/2024 23.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mədətov Samir Yusif oğlunun katibliyi İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində yetirilmiş ziyanın əvəzinin tutulub ödənilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində yetirilmiş ziyanın əvəzinin tutulub ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri ucbatından törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 sağlamlığına vurulmuş xəsarətlərin müayinə və müalicəsi üçün xərclənmiş 1000 manat məbləğində pulun əvəzinin və BMW markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş 11870 manat məbləğində maddi ziyanın əvəzinin, məhkəmə üçün ödənilmiş 130 manat dövlət rüsumunun əvəzinin, cəmi 13000 manat məbləğində pulun əvəzinin Cavabdeh tutulub onlara ödəniləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, oğlu üçün avtomobil almışdır. Hadisə zamanı cavabdeh içkili olmuş və oğluna ilkin tibbi yardım göstərməmişdir. Həmçinin sonradan da razılığa gəlmək üçün heç bir təşəbbüs göstərməmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, 14 sentyabr 2023-cü il tarixdə saat 01.50 radələrində İddiaçı2 idarə etdiyi avtomobillə cavabdehin idarə etdiyi avtomobil toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı2 səhhətinə ziyan dəymişdir. Onun müalicəsinə 1000 manatdan artıq vəsait xərcələnmişdir. Cavabdeh içkili olduğu üçün hadisə yerindən yayınmışdır. Həmçinin iddiaçının avtomobilinə 11870 manat ziyan dəymişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, BMW markalı ** KY *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 07 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, Cavabdeh İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinərək 180 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 14 oktyabr 2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan məlum olur ki, BMW markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 11870 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı1 130 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, 14 sentyabr 2023-cü il tarixdə Cavabdeh nəqliyyat vasitəsini ilə İddiaçı2 idarə etdiyi BMW markalı ** KY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yoluna çıxmış və avto qəza baş vermişdir. Cavabdeh İXM-nin 335.3cü maddəsi ilə təqsirli bilinərək 180 manat inzibati cərimə edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 1000 manat İddiaçı2 sağlamlığına dəymiş ziyanın və BMW markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 11870 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 11870 manat məbləğində pul və 125.61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 xeyrinə verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə İddiaçı2 müalicəsinə xərclənmiş 1000 manatla bağlı qeyd edir ki, müalicəyə 1000 manat vəsaitin xərclənməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Həmçinin avtomobilin mülkiyyətçisi İddiaçı1 olduğundan avtomobilə dəymiş ziyan da, İddiaçı1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11870 manat dəymiş ziyan və 125.61 manat dövlət rüsumu tutularaq İddiaçı1 xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar