Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2129/2023 11.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən Ağdaş rayonu Yeni Arx kəndində yerləşən ümumilikdə 16 ha olan torpaq sahəsinin onun payına düşən 10 ha hissəsinin dəyəri olan 40000 manat məbləğinin və ya naturada özünün eyni zamanda iddia ərizəsi üçün banka ödədiyi 210 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildə Ağdaş rayonu Yeni Arx kəndində ayrı-ayrı şəxslərdən ümumilikdə 16 ha əkinə yararlı torpaq sahələrini 5100 manata alaraq anasının adına sənədləşdirmişlər. Həmin torpaq sahələrinin alınmasına verilən pulun 3500 manatını o, 800 manatını anası Cavabdeh1 qalan 800 manatını isə bacısı Cavabdeh2 vermişdir. Həmin dövrdə isə 1 ha torpaq sahəsinin qiyməti təxminən 300-350 manat idi. Hal-hazırda isə həmin əkin üçün yaralı torpaq sahəsinin 1 hektarının mövcud qiyməti 4000 manatdır. Qeyd olunan torpaq sahələri 2012-ci ildə 1-ci cavabdeh anası Cavabdeh1 2-ci cavabdeh bacısı Cavabdeh2 bağışlamış, sonuncu isə 2020-ci ildə həmin torpaq sahələrinə dair DƏDRX-nin Dövlət Reyestrindən çıxarış almışdır. Cavabdehlər özləri də bilirlər ki, qeyd olunan 16 ha torpaq sahəsinin 10 ha hissəsi onun torpağıdır. Lakin bu günədək onlarla heç bir razılığa gələ bilmir. Cavabdehlərin ümumilkidə 16 ha olan torpaq sahəsinin onun payına düşən 10 ha hissəsinin dəyəri olan 40000 manat pul məbləğinin və ya naturada torpağın özünün alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, 2002-ci il tarixdə ümumilikdə 16 ha əkinə yararlı torpaq sahəsini hazırki cavabdehlər olan anası və bacısı ilə bilikdə ayrı-ayrı şəxslərdən 5100 manata alaraq həmin torpaq sahəsini anasının adına rəsmiləşdilmiş və cavabdehlərlə o zamankı şifahi razılaşmalarına əsasən həmin torpaq sahəsinin 10 ha hissəsi onun olduğunu bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdirlər ki, İddiaçı onların müvafiq olaraq qızı və bacısıdır. Hazırda mübahisələndirilən torpaq sahələri 2002-ci ildən alınmasında iddiaçı heç bir pul vəsaiti ilə köməklik etməmiş, sözügedən torpaq sahələri ümümilikdə 16 ha deyil, 23,3569 ha ölçüdədir və 3 çıxarış əsasında Cavabdeh2 mülkiyyətindədir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23 №-li torpaq sahəsinin planı və ölçüsünün surəti ilə müəyyən olunur ki, Ağdaş rayonu, Yeniarx kəndində yerləşən 6,3392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********98 №-li torpaq sahəsinin planı və ölçüsünün surəti ilə müəyyən olunur ki, Ağdaş rayonu, Yeniarx kəndində yerləşən 7,6249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********28 №-li torpaq sahəsinin planı və ölçüsünün surəti ilə müəyyən olunur ki, Ağdaş rayonu, Yeniarx kəndində yerləşən 9,3928 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Məhkəmə yuxarıda deyilənlərə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən heç biri mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə iddiaçının mübahisəli torpaq sahələrinin alınmasına verilən pulun 3500 manatını o, 800 manatını anası Cavabdeh1 qalan 800 manatını isə bacısı Cavabdeh2 verməsinə, habelə alınmış 16 ha torpağın 10 ha hissənin ona məxsus olmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə iş materialları və tərəflərin izahatlar ilə müəyyən etdi ki, 2002-ci ildən hazıradək olan müddətdə Ağdaş rayonu Yeniarx kəndində ümümilikdə sahəsi 23,3569 ha olan torpaq sahələri Cavabdeh2 tərəfindən alınmış və həmin əmlaklar xüsusi mülkiyyət olmaqla müvafiq çıxarışlar əsasında sonuncunun adına rəsmiləşdirilmişdir. İddiaçı mübahisəli torpaq sahələrinin alınmasına verilən 5100 manat pulun 3500 manatını o, 800 manatını anası Cavabdeh1 qalan 800 manatını isə bacısı Cavabdeh2 verməsini, habelə alınmış 16 ha torpağın 10 ha hissənin ona məxsus olmasını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və ya naturada torpaq sahəsinin verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və ya naturada torpaq sahəsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat məbləğində pul iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2129/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2129/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver