Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2134/2021 16.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 10000 manatın, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ümumilikdə 10030 manat pulun tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh1 onun qaynı, digər cavabdeh isə qayının həyat yoldaşıdır. Onlar uzun illər Rusiyada və Bakı şəhərində yaşamışlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, həmin ünvanda yerləşən 0.0393 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, X6, X2, X1 və ona məxsusdur. X3 onun mərhum həyat yoldaşı olmuşdur. Onun Yevlax şəhərində 2 otaqlı evi var idi. 2002-ci ildə həmin evi sataraq pulunu Cavabdeh1 vermiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin evdə 20 il yaşamışlar. Bu müddət ərzində evi iki dəfə təmir etdirmişdir. Bütün xərcləri o çəkmişdir. Cavabdehlər hazırda onu evdən çıxarmışlar. Bu səbəbdən də çəkdiyi xərcin yarısını 10000 manatı cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı mərhum bacısi ilə onun evində yaşamışlar. Bacısı vəfat etdikdən sonra iddiaçını evdən çıxartmışlar. Evdə təmir işləri aparılmayıb. Qonşunun ayaqyolusu onların torpağında idi. Bacısı sağ olanda ona 500 ABŞ dolları pul vermişdir ki, həmin ayaqyolu sökülsün və qonşu ilə münasibət pozulmasın. İddiaçı onların evə heç bir xərc çəkməyib. Belə ki ev pis gündə olduğundan 2021-ci ilin sentyabr ayından əsaslı təmir işləri gördürür. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının 20000 manat pulu olsaydı o özünə ev alardı. Onların evinə heç bir xərc çəkilməmişdir. Ev pis gündə olduğundan özləri təmir etdirirlər. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, həmin küçənin sahə müvəkkilidir. 1996-cı ildə həmin evdə İddiaçı yaşayıbdır. Ev köhnədir. İddiaçı orada təmir işi gördürmüşdür. Hamam tikdirmiş, hasar çəkdirmiş və evin üstünün örtüyünü dəyişdirmişdir. Ustaların işləməsini şəxsən görmüşdür. Nə qədər evə xərc çəkdiyini bilmir. Hal-hazırda həmin evə Ağayevlər gəlib-gedir və evdə ustalar işləyir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, usta işləyir. 2011-ci ildə həmin evdə İddiaçı sifarişi ilə təmir işləri görmüşdür. Belə ki, hamama kafel vurmuşdur. Hamam neçə kv.m olduğunu və təmirə İddiaçı nə qədər pul xərclədiyini bilmir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, həmin ünvanda yerləşən 0.0393 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, X6, X2, X1 və İddiaçı məxsusdur. İddiaçı mərhum X3 ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 20 il yaşamışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən həmin evdən çıxarılmışdır. İddiaçı 20 il müddətində həmin evdə təmir işləri apararaq 20000 manat pul xərclədiyini iddia edərək həmin pulun yarısını, yəni 10000 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmirlər. Hazırda həmin evdə təmir işləri aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı ziyan tələbi ilə məhkəməyə müraciət edərək 10000 manat təmir xərcini tələb etsə də, 10000 manat xərc çəkməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı həmin evdə təmir işləri aparsa belə, həmin evdə 20 il yaşamış və təmir işlərini cavabdehlər üçün yox özünün yaşaması üçün aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2134/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2134/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver