Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2138/2022 19.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın və dövlət rüsumunun ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə cəmi 1600 manat məbləğin və iddia tələbi ilə əlaqədar banka ödədiyi 37.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ona məxsus Volvo 850 markalı avtomobilin mühərriki xarab olmuşdur. Avtomobili tanıdığı mühərrik ustası olan cavabdehin yanına mühərriki təmir etmək üçün aparmışdır. Cavabdeh mühərriki təmir etsə də, cavabdehin keyfiyyətsiz işinin nəticəsi olaraq, mühərrik işləmədi. Cavabdeh mühərriki yenidən təmir etmək üçün 2022-ci il may ayında ondan təhvil aldı. Lakin avtomobili geri götürməyə gələrkən, avtomobilin mühərriki yenə də, keyfiyyətsiz təmir olunmuşdur. Hazırda da işləmir. Həmçinin avtomobilin arxa şüşəsi də, sınıq idi. Cavabdeh ona cəmi 1600 manat maddi ziyan vurmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Rəşadət özünə məxsus Volvo markalı avtomobilinin mühərrikini təmir etmək üçün İsmətə təhvil vermişdir. Birinci dəfə avtomobilin mühərrikini təmir etdikdən sonra mühərrik işləmədi. Bu səbəbdən avtomobil İsmətə ikinci dəfə təhvil verildi. Lakin ikinci dəfə də, mühərrik keyfiyyətsiz təmir edildi. Həmçinin avtomobili götürərkən avtomobilin arxa şüşəsi sınıq idi. Hər dəfə İsmətin yanına Rəşadət onunla getmişdir. Danışıqlarının və görülən işlərin şahidi olmuşdur. Məhkəmə iddiaçının izahatını və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, İddiaçı 37.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 oktyabr 2022-ci il tarixli aktlardan məlum olur ki, Volvo 850 markalı ** LR *** dövlət nömrə nişanlı avtomobilə cəmi 1600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh avtomobil mühərriklərinin təmiri ilə məşğul olur. İddiaçı etibarnamə əsasında özünə məxsus Volvo 850 markalı ** LR *** dövlət nömrə nişanlı avtomobilin mühərrikini təmir etmək üçün cavabdehə təhvil vermişdir. Lakin cavabdeh avtomobilin mühərrikini keyfiyyətsiz təmir etmişdir. Həmçinin avtomobilin arxa şüşəsini sındırmışdır. Bununla da iddiaçıya 1600 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1600 manat maddi ziyan və 37.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 manat maddi ziyan və 37.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2138/2022
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2138/2022
19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver