Məhkəmə qərarları › İş №2(039)-2139/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2139/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2139/2020 07.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 755,68 manat əsas, 147,82 manat faiz, 0,28 manat cərimə borcu olmaqla, cəmi 903,78 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” Kommersiya Bank ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı müddəsinə əsasən Borcverən bu müqavilə üzrə kredit limitinin heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüqununa malikdir. Kredit müqaviləsinin 1.1-cü maddəsinə görə bu müqaviləyə əsasən borcverən müqavilənin 1.2 və 1.3-cü bəndilərində göstərilən məbləğdə və müddətdə borcalana kredit xətti ayırır, ona bank hesab (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyə və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 755,68 manat əsas, 147,82 manat faiz, 0,28 manat cərimə borcu olmaqla, cəmi 903,78 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 8181sNAR/18 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 84 ay müddətinə, illik 30 % olmaqla 300 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə borcu 755,68 manat əsas, 147,82 manat faiz, 0,28 manat cərimə borcu olmaqla, cəmi 903,78 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka 755,68 manat əsas, 147,82 manat faiz, 0,28 manat cərimə borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 755,68 manat əsas, 147,82 manat faiz, 0,28 manat cərimə borcu olmaqla, cəmi 903,78 manat məbləğində borc Cavabdeh alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 755,68 manat əsas, 147,82 manat faiz, 0,28 manat cərimə borcu olmaqla, cəmi 903 (doqquz yüz üç) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar