Məhkəmə qərarları › İş №2(039)-2157/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2157/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2157/2022 02.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi- vəkili Vəkil, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənzil kirayə pulu 1260 manat, qaz sərfiyyatı borcu 118 manat, su pulu borcu 434 manat, məhkəmə xərclərini təşkil edən 45 manat dövlət rüsumu pulu və vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat pul cəmi 2017 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzili onun xüsusi mülkiyyətinə daxildir. Mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh1 ana, digər Cavabdeh2 Slaviq qızı isə birincinin qızıdır. Cavabdehlər ilə onun arasında hüquq münasibəti təxminən 10 il bundan öncə yaranmış, o xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzili hər iki cavabdehə kirayə vermiş və ana – qız olan cavabdehlər ona ayda 70 manat olmaqla kirayə pulu verirdilər. Lakin 2021-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin 6 ayını, cəmi 18 ay müddət üçün cavabdehlər ona kirayə pulunu, eyni zamanda kommunal xidmət haqqlarını ödəməmişlər. Adətən Rusiya Federasiyasında yaşaması, mövcud vəziyyətlə bağlı yolların bağlı olması, habelə ağır xəstəliklər keçirməsinə səbəbilə Azərbaycana gələ bilmədiyini üçün aylıq kirayə pullarını vaxtlı–vaxtında cavabdehlərdən tələb edə bilməmişdir. Azərbaycana gəldikdən sonra isə öz evində olduğu zamanlarda cavabdehlər onunla çox aqressiv münasibətlərdə olmuş, hətta onu döymüşlər. Bununla bağlı o, Yevlax Rayon Polis Şöbəsinə şikayət etmiş, lakin sonda təqsirkar şəxslər qadın olduqları üçün şikayətini geri götürmüşdür. Eyni zamanda, qeyd etdiklərilə bağlı Yevlax RPŞ –nin TB–nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən 04 avqust 2022- ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmiş və həmin qərarla ona izah edilmişdir ki, cavabdehlərlə arasında yaranmış mübahisənin mülki xarakterlidir, mülki mübahisənin həlli və borcun ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququ vardır. 2020-ci ilin yanvar ayı daxil olmaqla bütün aylar və 2022-ci ilin iyun ayı daxil olmaqla 18 aylıq mənzilin kirayə pulu, ayda yetmiş manat olmaqla, cəmi 1260 manat onun xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər tərəfindən istifadə edilmiş, lakin ödənilməmiş 118 manat qaz sərfiyyatı pulu və 434 manat pulu borcu, məhkəmə xərclərini təşkil edən 45 manat dövlət rüsumu pulu və vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat pul, Yevlax Rayon Polis Şöbəsində cavabdehlər izahat verərək 18 ay müddət üçün mənzilin kirayə pulunu ödəmədiklərini etiraf etsələr də, ona 1000 manat kirayə pulu borclu olmasını bildirmişlər. Hansı ki, ayda 70 manatdan olmaqla 18 ay müddət üçün kirayə pulları 1260 manat təşkil edir. “Azəriqaz” X6 filialından əldə etdiyi “Abonentin Saldosu” sənədindən göründüyü kimi, cavabdehlərin onun xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə qaldıqları müddət üçün qaz sərfiyyatı borcu 118 manatdır. "xxxx" ASC-nin Yevlax filialından əldə etdiyi “Abonent Kartı” sənədindən göründüyü kimi, cavabdehlərin onun xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə qaldıqları müddət üçün su pulu borcu 434.73 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya məxsus evdə anası olan digər cavabdeh ilə birgə 12 il yaşamışlar və həmin müddətdə bütün komunal xərclərini ödəmiş, kirayə pulunun iyun ayına kimi qonşular vasitəsi ilə hər ay 70-80 manat vermiş, iyul ayından isə kirayə pulunu iddiaçının özünə vermişlər. Onların qaza 84 manat borcu olmuş onun əvəzində 100 manat ödədiyini bildirmiş, suya isə 100 manat borcu olduğunu bildirmişdir. Onlardan başqa məhlədə başqa ev var orda isə hərbiçilərin yaşadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya məxsus evdə 12 il müddətinə digər cavabdeh olan qızı ilə birgə yaşamışlar, onların sadəcə olaraq suya 100 manat borcları qalmış, başqa heç bir yerə borclarının olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, pis kirayəşin olsa idilər bu qədər uzun müddət iddiaçının evində yaşamazdılar, sonuncu ilə aralarında yaşanmış mübahisə ilə bağlı iddiaçı bu addımı atır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəxsinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, Dəmir Yolu binası ev 11, mənzil 15-da yerləşən 37 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. “Abonentin saldosundan” görünür ki, xx.xx.2020-cil il tarixdə iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 106.20 manat təşkil edir. “Abonent kartından” görünür ki, iddiaçının akt üzrə tələb olunan azərsu sərfiyyatına görə borcu 434.73 manat təşkil edir. Yevlax rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda olan cavabdeh X2 vermiş olduğu iltizamdan görünür ki, sonuncu dəfə Fatma təxminən 2 ay olar ki, Rusiyadan gəlib və hazırda həmin həyətdə yerləşən özünə məxsus evdə yaşamış, son ildə maddi vəziyyəti yaxşı olmadığı üçün onun verməli olduğu kirayə pulunu verə bilməmiş, Fatmaya təxminən 1000 manat borcu qalmış, Onun Fatma ilə aralarında olan razılmaşmaya əsasən ilin sonundək hər ay 80 manat olmaqla borcunu ödəməsinə söz vermişdir. Yevlax rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda olan Cavabdeh1 vermiş olduğu iltizamdan görünür ki, sonuncu dəfə Fatma təxminən 2 ay olar ki, Rusiyadan gəlib və hazırda həmin həyətdə yerləşən özünə məxsus evdə yaşamış, son iki ildir ki, onların maddi imkanları yaxşı olmadığı üçün Fatmaya təxminən 1000 manat borcu yığılmış, həmin puluda Fatma ilə aralarında razılaşmaya əsasən illik sonun kimi hər ay 80 manat olmaqla borcunu ödəməsinə söz vermişdir. İddiaçı qəbzdən görünür ki, kirayədə yaşayan Şərafət Hüseynova xx.xx.2022-ci il tarixdə ona 100 manat pul vermişdir. xx.xx.2022-ci il tarixli bank qəbzindən görünür ki, İddiaçı Yevlax şəhər vəkil bürosuna xidmət haqqı olaraq 160 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 324.1-ci maddəyə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2- ci maddəyə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385-ci maddəyə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır(385.1). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (385.2). 386.1-ci maddəyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389-cü maddəyə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır(389.1.) Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir(389.3.). 675-ci maddəyə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684-cü maddəyə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (684.1). Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır (684.2). Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə şifahi formada kirayə müqaviləsi bağlayaraq İddiaçı ümumi dəyəri 1440.93 manat kirayə və komunal xərclər üçün borcu yaranmışdır. Cavabdehlər iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdehlər həm məhkəmə iclasında, həm də Yevlax RPŞ-də aparılmış araşdırma zamanı iddiaçıya 1000 manat (bir min) kirayə borclarının olduğunu etiraf etmişlər, habelə araşdırma materiallarından görünür ki, həmin borcdan 100 (bir yüz) manat ödənilməsi barədə qəbz mövcuddur. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı xeyrinə mənzil kirayə pulu 900 manat, qaz sərfiyyatı borcu 106.20 manat, su pulu borcu 434.73 manat və vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada mənzil kirayə pulu 900 manat, qaz sərfiyyatı borcu 106.20 manat, su pulu borcu 434.73 manat məhkəmə xərclərini təşkil edən 45 manat dövlət rüsumu pulu və vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar