Məhkəmə qərarları › İş №2(039)-2198/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2198/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2198/2023 02.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 610 manat pulun və 30.40 manat dövlət rüsumunun, habelə 200 manat nəqliyyat xərcləri pulunun, 150 manat keçirdiyi streslərdən dərmana və həkimə xərclədiyi pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehdən 300 manat pulun və 30.40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, bir baş qara mal almaq məqsədi ilə oğlu ilə birlikdə Ağdaş rayonunda yerləşən mal bazarına getmişdir. Cavabdehdən 610 manata bir baş iribuynuzlu mal almışdır. Aralarında olan razılığa görə malda hər hansı bir narahatçılıq olsa, o heyvanı geri qaytarmalı idi. Heyvanı qapısına gətirmişdir. Axşamı heyvan narahat oldu. Baytar həkimi dəvət etsə də, baytar malın xəstə olduğunu bildirmişdir. Sabahsı gün Ərzumana zəng edərək malın xəstə olduğunu və qaytarmaq istədiyini bildirmişdir. Daha sonra oğlu ilə birlikdə həmin malı cavabdehin yaşadığı kəndə apararaq, kənd sakinlərindən Ərzumanın qapısını maraqlanmış və tapmışdır. Malı həmin qapıya düşürdüb çıxıb getmişdir. Lakin Ərzuman onun pulunu qaytarmır. Hazırda onun da vəziyyətini nəzərə alıb ondan 300 manat pulun alınmasını xahiş edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Ağdaş rayonunda yerləşən mal bazarında özünə məxsus iribuynuzlu malı Fazilə 610 manata satmışdır. Sabahı gün Fazil ona zəng etdi ki, heyvan narahatdır. Fazilə pulu xərclədiyini bildirmiş və ona narahat heyvan vermədiyini demişdir. Fazil gətirib dananı ona verməsini və satdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Fazil heyvanı onun gəlib özünün aparmasını bildirmiş və o da razı olmamışdır. Səkkiz gün sonra heyvanı həmkəndlisi və onun adaşı olan Ərzumanın qapısına düşürdüb getmişdir. Heyvanı gedib öz qapısına gətirmiş və baytar həkim dəvət etmişdir. Heyvan qızdırmışdır. Müalicə olunsa da heyvan tələf oldu. Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Fazil onun atasıdır. Atası ilə birlikdə mal bazarına gedərək Ərzumandan dana almışlar. Dananı evə gətirəndə anası dananın xəstə olduğunu dedi. Atası Ərzumana zəng etdi ki, dananı qaytarsın. Lakin Ərzuman razı olmadı. Bir neçə gün sonra dananı aparıb Ərzumanın qapısına düşürtdülər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Fazil onun həyat yoldaşıdır. Fazil oğlu ilə mal bazarından dana alıb gətirdi. Dananı qapıya gətirdikdə gördü ki, dana xəstədir. Fazil Ərzumana malı qaytarmaq üçün zəng edəndə o malın qaytarılmasına razı olmadı. Baytar həkim çağırdılar. Lakin dananı sağalda bilmədiklərindən Fazil dananı aparıb Ərzumana təhvil vermişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, baytar köməkçisi işləyir. Ərzuman onu xəstə heyvana baxmaq üçün çağırmışdır. Heyvana baxanda gördü ki heyvan qızdırıb. Lakin gec idi. Heyvan artıq bir neçə gün həmin vəziyyətdə olub. Müalicəyə baxmayaraq heyvan tələf olmuşdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, Ərzuman dananı satanda ilk olaraq o almaq istəyirdi. Danaya baxmış lakin qiymətində razılaşmamışlar. O danaya baxanda dana sağlam idi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, dananı onun qapısına düşürtmüşlər. Həmin vaxt o evdə olmamış, evdə həyat yoldaşı olmuşdur. Dana bir gün onlarda qalmışdır. Sabahı gün Ərzuman gəlib dananı aparmışdır. Dana xəstə idi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 iyul 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan məlum olur ki, İddiaçı Cavabdeh barəsində polisə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Kamil-M MMC-nin 16 oktyabr 2023-cü il tarixli 05 saylı arayışından məlum olur ki, Ağdaş rayon Kamil-M MMCnin nəzrində yaradılmış mal-qara bazarında, mal-qaranın sağlamlığı üçün həkim yoxlanılması yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh özünə məxsus bir baş iribuynuzlu heyvanı 610 manata iddiaçıya satmışdır. İddiaçı heyvanı evinə apardıqdan sonra heyvanın xəstə olduğu məlum olmuşdur. İddiaçı bununla bağlı cavabdehə zəng edərək, heyvanı qaytarmaq istəməsini bildirmişdir. Lakin cavabdeh heyvanı qaytarılmasından imtina etmişdir. İddiaçı heyvanı apararaq, cavabdehin həmkəndlisi olan Ərzuman adlı şəxsin qapısına düşürtmüşdür. Cavabdeh heyvanı öz qapısına aparmışdır. Lakin heyvan xəstə olduğundan tələf olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən heyvanın dəyərinin yarısı kimi 300 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə malın xəstə olduğu üçün həmin gün geri qaytarmaq istəməsini bildirdiyindən, yəni öz iradəsini ifadə etdiyindən əqd bağlandığı andan etibasızdır. Belə ki, mübahisə etmək hüququ olan şəxs digər tərəfə 14 günük qarantiya müddəti ərzində qüsur aşkar etmişdir. Qarşı tərəfə heyvanın qaytarılmasını tələb etməklə əqdin etibarsız olmasını aşkar surətdə bəyan etmişdir. İddiaçı satıcı ilə telefon əlaqəsi yaratmış, heyvanı maşına yükləyərək cavabdehin yaşadığı kəndə getmişdir. Ərzuman adlı şəxsin ev ünvanını soruşmuş və kənddə yaşayan başqa Ərzuman adlı şəxsin evinə düşürtmüşdür. Satıcı Ərzuman digər Ərzuman adlı şəxsdən heyvanı təhvil almış və bir neçə gün sonra da heyvan tələf olmuşdur. Həmçinin cinayət işinin rədd edilməsi haqqında 02 iyul 2023-cü il tarixli qərardad Cavabdeh izahat verərək, alqısatqıdan bir gün sonra, yəni 18 iyun 2023-cü il tarixdə Fazil ona zəng edərək gəlib heyvanı götürüb aparmağını, heyvanın xəstə olduğunu, bu səbəbdən də onun geri qaytarmaq istədiyini bildimişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 300 manat pul və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 609.2.1-ci maddəsinə əsasən cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə faydalı və damazlıq heyvanların satıldığı halda başlıca qüsurlar sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 611-ci maddəsinə əsasən Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 manat pul və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar