Məhkəmə qərarları › İş №2(039)-2221/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2221/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2221/2022 23.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızı ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5613,53 manat əsas borc, 391,23 manat faiz borc, 80.85 manat cərimə borcu olmaqla, ümumilikdə 6085,81 manat borcun və 80.86 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 6000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 sentyabr 2022-ci il tarixədək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5613,53 manat əsas borc, 391,23 manat faiz borc, 80.85 manat cərimə borcu olmaqla, ümumilikdə 6085,81 manat borcu vardır. Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 161.7 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdimat onun maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 80.85 manat məbləğində tələb olunur. Bankın nümayəndəsi Mirumud Seyidov məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, sonuncunun məhkəməyə ünvanladığı arayışda Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 33 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il saat 15:40 tarixində keçiriləcək məhkəmə iclası barədə nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixində məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 6-Y-1-0-372-22 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya illik 18% olmaqla 36 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu 5613,53 manat əsas borc, 391,23 manat faiz borc, 80.85 manat cərimə borcu olmaqla, ümumilikdə 6085,81 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka 5613,53 manat əsas borc, 391,23 manat faiz borc, 80.85 manat cərimə borcu olmaqla, ümumilikdə 6085,81 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80.86 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5613,53 manat əsas borc, 391,23 manat faiz borc, 80.85 manat cərimə borcu olmaqla, ümumilikdə 6085 (altı min səksən beş) manat 81 (səksən bir) qəpik məbləğində borc və 80 (səksən) manat 86 (səksən altı) qəpik dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar