Məhkəmə qərarları › İş №2(039)-2227/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2227/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2227/2025 09.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə eyni icra nümayəndəliyində yaşayırlar. Qırx ildən çox valideynləri ailəvi dostluq etmiş, bir-biri ilə gediş-gəlişli və mehriban olmuşlar. Ağsaqqal, ağbirçəklərdən sonra bu dostluğu onlar davam etdirərək birbirinə əmioğlu deyərək 30 ildən çoxdur ki, dostluq edirlər. Dostu ondan istər az, istər çox məbləğdə pul istəsə heç vaxt imtina edə bilməzdi. Dostu xx.xx.2022-ci il tarixdə ona zəng vuraraq onunla təcili görüşməyi xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə axşamtərəfi saat 6:30-da onlara gəlmiş və 1 saat söhbətdən sonra ona 40 000 manat dəyərində borca düşdüyünü, borcu ödəməli olduğunu, kömək etməsini demişdir. Söhbət əsnasında cavabdeh ona yaşadıqları evdən başqa kənddə və Bakı şəhərində əlavə evlərinin olduğunu, satıb borcu qaytarmağa imkanı olduğunu, yəni 40 000 (qırx min) yeni Azərbaycan manatını ona verəndən sonra yemək süfrəsində əyləşən vaxt cavabdeh özü könüllü olaraq aldığı pula görə yazılı borc müqaviləsi yazacağını demişdir. Dostu Cavabdeh geniş məzmunlu borc müqaviləsi yazaraq aldığı borc pulun faizsiz olduğunu, borcun ödənişində hansısa yersiz mübahisə yaratmayacağını, əgər yaradarsa öz dəsti xətti ilə yazıb doğruluğunu imzası ilə təsdiq etdiyi borc müqaviləsinə əsasən borcun ödənişi qanuni yolla məhkəmə vasitəsi ilə öz həllini tapacağını göstərmişdir. Borc müqaviləsində Cavabdeh tərəfindən borc ödənişi qurtaranda İddiaçı şəxsi imzası ilə ödəniş haqda qəbzi və yaxud da öz dəsti xətti ilə yazdığı borc müqaviləsinin əsli onda yoxdursa borc ödənilməmiş sayılır yazılmışdır. Bu sözlərdən sonra heç bir sorğu-suala və şərhə ehtiyyac qalmır. Cavabdeh öz dəsti xətti ilə yazdığı borc müqaviləsində özü könüllü qeyd etmişdir ki, borc müqaviləsini yazmağa onu heç kəs məcbur etməyib, ehtiyacı olduğu üçün özü könüllü yazmış, borc müqaviləsinin onun tərəfindən yazılmasının doğruluğunu öz imzası ilə təsdiq edir. Dostu Cavabdeh borcun qaytarılmasını mübahisələndirib məhkəmə həddinə çatdırmayacağını öz dəsti xətti ilə yazdığı geniş məzmunlu borc müqaviləsində qeyd etdiyinə baxmayaraq, cavabdeh ondan qaçdığından və tez-tez telefon nömrələrini dəyişdiyindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh borc müqaviləsində yazdığı tarixdən iki il keçməsinə baxmayaraq bu günə kimi borcu ödəməmişdir. Dəfələrlə onun yaşadığı ünvana getmiş, hər dəfə borcunu ödənişinə söz versə də, onu aldatmışdır. Borc müqaviləsinin və iddia ərizəsinin MM-nin tələblərinə uyğun hazırlanmasına riayət etmişdir. Belə ki, MM-nin 740.2-ci maddəsinə görə borc üç min manatdan çox olarsa borc müqaviləsi yazılı formada olmalıdır. Yazılan borc müqaviləsində qeyd etdiyi maddəyə tam riayət edərək, borc müqaviləsini yazılı almışdır. Yazılan borc müqaviləsindən məlum olur ki, cavabdeh onun yaşadığı ünvana gəlmiş və ondan xahiş edərək borc istəmişdir. 2024-cü ilin aprel ayında o (iddiaçı) cavabdehdən aldığı borcu istəyəndə cavabdeh onu şantaj edərək aidiyyatı olmayan dövlət orqanlarına şikayət verməyə başlamışdır. Halbuki, borcun faizsiz alınması və borcun vaxtında qaytarılması ədalətli və qanuni yolla məhkəmə tərəfindən tələbkarın xeyrinə həll olunacağın öz yazdığı borc müqaviləsində yazmışdır. Cavabdeh faizsiz borc müqavləsini təsdiqləyən tutarlı dəlil sübutu onun könüllü videodisk çəkilişinə girməsidir. Cavabdeh aldığı borc pulun o qədər alınmaında və yaxud ödənilməsində hansı bəhanələri etsə əsas odur ki, borc müqaviləsinin əsli ondadır (iddiaçı) və ödəniş haqda heç bir sübutu və yaxud onun (iddiaçı) tərəfindən təsdiqlənmiş qəbzi yoxdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1, 740.2, 529.3, 385.1-ci maddələrinə istinad edərək, Cavabdeh 40 000 (qırx min) manat məbləğində borc pulun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2019-cu ilin aprel ayında 2000 (iki min) manat, bir ay sonra isə əlavə olaraq 2000 (iki min) manat pul almışdır. 2020-ci ilin sentyabr ayınadək həmin 4000 (dörd min) manata görə 20 faizlə iddiaçıya pul ödəmişdir. 2020-ci ilin sentyabr ayından başı qarışıq olmuş və bir gün iddiaçı zəng edərək, ona faizin qalxdığını bildirmişdir. O da iddiaçıya başının qarışıq olduğunu, təsərrüfatının olduğunu və bu işdən yekunlaşıb qurtaracığını bildirmiş və iddiaçıya il yarımdan artıq pul ödədiyini demişdir. İddiaçı bir gün onlara gələcəyini demiş və onlara gəlmişdir. Birlikdə onun (cavabdehin) evində çörək yemişlər və iddiaçı həmin pulun ona (iddiaçıya) məxsus olmadığını, başqa şəxsin olduğunu demişdir. Həmin vaxt iddiaçı and içmiş, ona narahat olmamağını, kağızı yazmasını, həmin kağızı sələmçilərin arasında göstərəcəyini və pulu borca verdiyini bildirəcəyini demişdir. Aradan bir həftə keçmiş iddiaçı onun evinə gəlməsini demiş, o da iddiaçının evinə getmişdir. İddiaçı həmin məbləğin 20 000 (iyirmi min) manat olduğunu demiş və 20000 manata imza etməsini demişdir. O da iddiaçıya il yarımdır 4000 manatın pulunu ödədiyini demişdir. Sonra iddiaçının evində çay içmiş və iddiaçı and içib onu inandırdıqdan sonra dilindən kağız yazıb vermişdir. Bir həftədən sonra iddaçı yenidən onu çağırmış, məbləğin səhv olduğunu, həmin məbləğin 30000 manat olduğunu demişdir. İddiaçının evinə getmiş və 30000 manata da imza etmişdir. İddiaçı həmin vaxt heç bir problemin olmayacağını bildirmiş və ona «hesab et ki, ödəmisən» demişdir. İddiaçıdan ümumilikdə 4000 (dörd min) manat pul almış və 2020-ci ilin sentyabr ayınadək faizlərini ödəmişdir. Hər ay 800 manat faiz ödəmiş, lakin əsas məbləği ödəməmişdir. 30000 manata dair borc müqaviləsi yazıb iddaçıya vermiş, lakin 40000 manata dair sənəd yazmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 40000 manat borca dair müqavilə onun (cavabdeh) tərəfindən yazılmış və onun tərəfindən imzalanmışdır. Həmin müqavilə 2022-ci il tarixdə yazılmışdır. İddiaçı onu aldadaraq həmin müqaviləni yazmışdır. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 40 000 (qırx min) manat faizsiz olaraq borc almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 05 fevral 2022-ci il tarixdə İddiaçı 40000 (qırx min) manat borc almış, lakin öhdəliyini yerinə yetirməmiş, aldığı pulu iddiaçıya qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında cavabdeh iddaçıdan aldığı borc pulu qaytardığını, həmin pulu faizlə aldığını, aldığı pula görə hər ay faiz ödədiyini, 05 fevral 2022-ci il tarixli borc müqaviləsini aldanaraq yazdığını, iddiaçıdan 40000 (qırx min) manat deyil, 4000 (dörd min) manat aldığını göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh 05 fevral 2022-ci il tarixli borc müqaviləsinin onun tərəfindən yazıldığını və imzalandığını təsdiq etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 40 000 (qırx min) manat borc pul və 210 (iki yüz on) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar