Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-238/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 72000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək izah etdi ki, atası tərəfindən 2017-ci ilin avqust ayından etibarən hazırkı Cavabdeh1 və Cavabdeh2 atası pul vermişdir. Aralarında da olan münasibətlərdən asılı olaraq bir-birlərinə inanmışlar, bu səbəbdən də atasının küllü miqdarda pulu əvvəlcə normal vəziyyətdə, sonra isə məcburi qaydada əlindən alınmışdır. Belə ki, 2017-ci ilin dekabr ayında 12000 manat atasından pul almış, həmin pul Gəncə şəhərində onun tərəfindən qızıl alınmasına sərf edilmişdir. Belə ki, atası həmin pulu Cavabdeh1 vermişdir. Həmin pulu atası ondan götürmüş və hazırkı cavabdehə vermişdir. Bundan sonra cavabdeh ona əlavə kömək etməyi, Mingəçevir şəhərində ev alacağını və bu səbəbdən də əlavə olaraq ona 30000 manat pul verərək ev alması üçün bu hərəkətləri etmişdir. Atası evdə olan kamaz markalı maşını 15000 manat, “NİVA” markalı maşını isə 10000 manata sataraq, evdə olan 07 markalı maşını da 3500 manata sataraq, üstündə boru kəmərdən aldığı 15000 manatı qoyaraq 30000 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh həmin məbləğə Mingəçevir şəhərində özünə ev almışdır. Onların qarşılıqlı razılığı olmuşdur ki, 42000 manat pulu cavabdeh atasına 1 il ərzində qaytarsın. Bu səbəbdəndə atasını inandırmış və aldatmışdır ki, Rusiya Federasiyasında 100000 dəyərində mülkləri var, satılma ərəfəsindədir. Atasının pulunu artıqlaması ilə qaytaracağını bildirmişdir. Bu səbəbdəndə atası cavabdehə özü qədər inanmışdır. Bundan sonra artıq atası onlardan pulunu istəyərkən digər cavabdeh, yəni Cavabdeh2 atasına hədə-qorxu gələrək, atasını öldürəcəyi ilə hədəliəyərək əvvəlcə atasına ağır xəsarət yetirə biləcək bir hərəkəti etmiş, bərk döymüş, qolunu sındırmış və atasına olmayan bir işkəncəni vermişdir. Hadisə xx xxxx 2019-cu il tarixində baş vermişdir. Atası uzun müddət ev şəraitində müalicə olmuşdur. Bacısı ilə münasibətdə olmağını atasına bəyan edərək, atasından bu məsələ ilə bağlı daha ciddi hərəkətlər edəcəyini bildirərək atasından bir neçə aydan sonra pul tələb etməyə başlamışdır. Atasını şantaj edərək ondan əvəllcə 10000 manat nəğd pul almış və bu işi davam etdirərək 20000 manat ev almaq adı ilə bu məbləğidə atasından artıq hədə qorxu ilə almağa başlamışdır. Bu qeyd etdiyi hallar faciə olsada reallıqdır. Cavabdehlər hər ikisi birləşərək əvvəl dinc qaydada sornra isə hədə-qorxu altında atasının küllü miqdarda pulunu əlindən almışdırlar. Artıq vəziyyət o dərəcəyə çatmışdır ki, atası digər Cavabdeh2 ölüm hədəsini gözünün altına alaraq evini də satmaq vəziyyətinə gəlmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia tələblərini müdafiə edərək izah etdi ki, tərəflərin xoş münasibətləri olmuşdur. Cavabdeh1 bundan istifadə edərək, iddiaçıdan borc pul almışdır. Həmin pulu bil il ərzində Rusiya Federasiyanında olan mülkünü sataraq qaytaracağına söz vermişdir. Lakin bu sözünə əməl etməmişdir. Bundan sonra da, digər cavabdeh olan Cavabdeh2 iddiaçını hədəliyərək onun pulun ələ keçirmişdir. Hazırda iddiaçı pulunu geri tələb etsə də, cavabdehlər pulu qaytarmaqdan imtina edirlər. Ümumilikdə iddiaçı cavabdehlərə 72000 manat məbləğində pul vermişdir. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izah etdi ki, iddia şər və böhtandır. X2 onun iş yoldaşıdır. İddiaçı isə Ülviyyənin atasıdır. Bir-iki dəfə rastlaşmışlar, lakin heç vaxt onunla ünsiyyəti olmayıbdır. Ülviyyə ilə aralarında müahisə olmuşdur. Hazırki iddia isə Ülviyyənin qisasıdır. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1954-cü il tarixdə Bərdə rayonu, Alpoud kəndində anadan olmaqla, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin Təhqiqat Bölməsinin rədd materiallarından məlum olur ki, X2 xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, atası İddiaçı Günel adlı bir qadına ilişmiş, həmin qadının əri Şirinov Elgün ona əxlaqsız söyüşlər söymüşdür. İddiaçı 2017-ci ildən Günelə pul verir. Günelin qardaşı Tural isə onun atasını döymüş və qolunu sındırmışdır. Ərizə rayon prokurorluğunda qeydiyyata alınmış aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilmişdir. Yevlax RPŞ-nin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının qızı Cavabdeh1 iş yoldaşdır. X2 xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon prokururluğuna şikayət ərizəsi ünvanlamışdır. Ərizə aidiyyəti üzrə Yevlax RPŞ-nə göndərilmiş və ərizə əsasında torpanılmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı 72000 manat pulu cavabdehlərə verdiyini iddia edərək, pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən pulun cavabdehə verilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən cavabdehə pulun verilməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-238/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-238/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver