Məhkəmə qərarları › İş №2(039)-2428/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2428/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2428/2021 24.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən kredit müqaviləsi üzrə 2270,66 manat məbləğində əsas borc, 26,6 manat faiz borcu olmaqla, ümumilikdə 2297,26 manat borc və 66,74 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı 29 oktyabr 2019-cu il tarixli, 600821-119166/10 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla 2270,66 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank və digər Cavabdeh2 arasında 29 oktyabr 2019-cu il tarixli, 600821-119166/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 30 sentyabr 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 2270,66 manat məbləğində əsas borc, 26,6 manat faiz borcu olmaqla, ümumilikdə 2297,26 manat məbləğində kredit borcu yaranmışdır. Bankın nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə Bankın nümayəndəsinin iştirakı olmadan baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli, 600821-119166/10 №li güzəştli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 1 faiz ödəmək şərti ilə 60 ay müddətinə 2270,66 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında 29 oktyabr 2019-cu il tarixli, 600821- 119166/10 №li zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 30.09.2021-ci il tarixə borclu Cavabdeh1 kredit müqaviləsi üzrə 2270,66 manat məbləğində əsas borc, 26,6 manat faiz borcu olmaqla, ümumilikdə 2297,26 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya ümumilikdə 2297,26 manat borcu ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2270,66 manat məbləğində əsas borc, 26,6 manat faiz borcu olmaqla, ümumilikdə 2297,26 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,74 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2270,66 manat məbləğində əsas borc, 26,6 manat faiz borcu olmaqla, ümumilikdə 2297(iki min iki yüz doxsan yeddi) manat 26 (iyirmi altı) qəpik məbləğində borc və 66 (altmiş altı) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar