Məhkəmə qərarları › İş №2(039)-2435/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2435/2021

27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2435/2021 27.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətləri mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətləri mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu cəmi 32290 manat maddi ziyana görə pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, məcburi köçkündür və Yevlax rayonu Aran qəsəbəsində məskunlaşmışdır. Həmin ərazidə təsərrüfatla məşğul olur. Yevlax rayon Aran Bələdiyyəsindən örüş torpağı olan 250 ha torpaq sahəsini icarəyə götürmüşdür. Cavabdehlə uzun illərdir ki, tanışıdır. Cavabdeh ona soğan əkib gəlir götürməyi təklif etmişdir. Lakin torpağın suvarma və işıqlandırma xətləri olmadığından həmin xərcləri o çəkməli oldu. Cavabdeh ona su borusu, su matoru və sair avadanlıqlar aldıtdırdı. Lakin sonradan nə soğan əkildi, nə xərcini götürə bilmədi. Cavabdeh onu 32290 manat maddi ziyana salmışdır. Hazırda həmin avadanlıqlar onda qalsa da, onlardan istifadə etmir. Yəni lazımsız əşyalardır. Bundan başqa həmin avadanlıqlar ona şişirdilmiş qiymətlərlə satılmışdır. Cavabdehə müraciət edərək ziyanlığını qalşılamasını xahiş etsə də, cavabdeh ona pul verməyəcəyini bildirmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, MKT-də mühəndis işləyir. Torpaq tapıb müqavilə əsasında əkin əkdirillər. Təbi ki, torpaq sahibi də, həmin əkindən xeyir götürür. İddiaçını uzun illərdir tanıdığından ona torpağına soğan əkməyi təklif etmişdir. Lakin cavabdehin torpağının suvarma xətti olmadığı iddiaçıya bildirmişdir. İddiaçı su borusu, su matoru və sair avadanlıqların tapılmasından ona köməklik etməsini xahiş etmişdir. Boru, mator və sair avadanlıqları o tapsa da, iddiaçı özü baxıb, özü bəyənib və özü pulunu ödəyib almışdır. Ona pul verilməyib, nə də avadanlıqlar onda deyil. Hazırda da həmin avadanlıqlar iddiaçıdadır. Əkin əkiləsi zaman, müqavilə bağlanarkən iddiaçının sənədi olmadı. Belə ki, həmin torpaqlar Yevlax rayon Aran Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı bu barədə ona heç nə deməmişdir. Həmin avadanlıqları da, iddiaçı özü üçün alıb. Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, Əliyev X1 rayonundan məcburi köçkündür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür və Yevlax rayonu, Aran qəsəbəsində məskunlaşmışdır. Həmin ərazidə təsərrüfatla məşğul olur. Soğan əkmək üçün istifadəsində olan torpaq sahəsinə su çəkmək üçün müəyyən avadanlıqlar almışdır. Həmin avadanlıqların tapılmasında cavabdeh iddiaçıya köməklik etmişdir. Lakin həmin torpaqda əkin əkməsi mümkün olmamışdır. İddiaçı cavabdehin ona 32290 manat ziyan vurduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, iddiaçı ziyan tələbi ilə məhkəməyə müraciət edərək 32290 manat çəkilmiş xərci tələb etsə də, iddiaçı 32290 manat ziyanın cavabdehin təqsiri ucbatından çəkməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı avadanlıqları özü almış və hazırda da, həmin avadanlıqlar iddiaçının özündədir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətləri mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətləri mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar