Məhkəmə qərarları › İş №2(039)-2462/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2462/2023

18.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2462/2023 18.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Cırdaxan kəndində yerləşən birinci İddiaçı1 ata evi olan və eyni zamanda hazırda atası Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə azyaşlı övladı ilə birlikdə istifadə hüququnun tanınması, onların və azyaşlı uşağı ilə həmin fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçılar 2021-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Bu nikahdan Yusif adlında bir övladları anadan olmuşdur. Cavabdeh iddiaçılardan İddiaçı1 atası, İddiaçı2 isə qayınatasıdır. Cavabdeh onlara Yevlax rayonu Cırdaxan kəndində yerləşən evdə yaşamağa imkan vermir. Hər gün səbəbsiz yerə bəhanə ilə evdə bir söz-söhbət, dava-dalaş olur. Onlar artıq bu vəziyyətə dözməyərək yaşadıqları evi məcbur tərk edərək Yevlax şəhərində kirayədə yaşamağa başlamışlar. Lakin maddi vəziyyətləri yaxşı olmadığı üçün kirayədə yaşamaq onlar üçün çox ağırdır. Yevlax rayonu Cırdaxan kəndində yerləşən birinci İddiaçı1 bpyüyüb boya başa çatdığı fərdi yaşayış evinə köçürülmələrini, eyni zamanda onların azyaşlı uşaqları ilə birlikdə orada istifadə hüququnun tanınmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsini Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında almış və təxmini 2000-ci ilədək orda hazırki evi tikmiş, lakin bu günədək həmin evə mülkiyyət hüququ əldə etməmişdir. Övladları olmadığından 2007-ci ildə arvadı Fatma ilə birlikdə Gəncə şəhərində yerləşən uşaq evindən Tapdığı məhkəmə qətnaməsinə əsasən övladlığa götürmüş və bu günədək saxlayaraq böyütmüş, 2021-ci ildə isə Kəmalə ilə evləndirərək evinə gəlin gətirmişdir. Tapdıq və Kəmalənin evdən qovulmadığını, onların evdən özlərinin getdiyini, evdə mübahisə olduğundan uşaqların qayıtması üçün arvadı Fatma ilə birlikdə bir müddət başqa ünvanda yaşadığını, lakin Tapdıq və Kəmalənin buna baxmayaraq evə qayıtmadıqlarını, əksinə dəfələrlə ondan polisə əsassız şikayətlər etdiklərini bildirmişdir. Bu səbəbdən iddiaçıların iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 cavabdehin həyat yoldaşı olduğunu, İddiaçı1 uşaq evindən götürüb 16-17-il ona baxıb böyüdüb başa çatdırğını, ona toy edərək evləndirdiyini, Tapdıq və Kəmalənin evdən qovulmadığını, onların evdən özlərinin getdiyini, evdə mübahisə olduğundan onların qayıtması üçün əri Eldar ilə birlikdə bir müddət başqa ünvanda yaşadığını, lakin Tapdıq və Kəmalənin buna baxmayaraq evə qayıtmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 cavabdehin qardaşı olduğunu, qardaşı tərəfindən Tapdıq və Kəmalənin evdən qovulmadığını, onların evdən özlərinin getdiyini, evdə mübahisə olduğundan uşaqların qayıtması üçün qardaşı Eldarın arvadı Fatma ilə birlikdə bir müddət başqa ünvanda yaşadığını, lakin buna baxmayaraq Tapdıq və Kəmalənin evə qayıtmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 İddiaçı2 atası olduğunu bildirərək, qızının həmin evə gəlin köçdüyünü, qızının Cavabdeh ilə mübahisələri yarandığından 2023-cü ilin iyun ayının 8-də evdən çıxaraq ünvan 1 ünvanında əri Tapdıq ilə kirayə yaşadıqlarını qeyd etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 444135 №li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X5 arasında xx.xx.2021-ci ildə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 515 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. AZ-İV seriyalı 740931 nömrəli doğum haqqında şəhadətnaməsin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Yusif adlı uşaqları var. xx.xx.2023-cü il tarixli, saylı MŞY/MT034/2023-00122 arayışdan məlum olur ki, İddiaçı1 evə köçürülmə tələbi ilə bağlı mediatora müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-1126/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və X1 xx.xx.1995-ci il tarixdə anadan olmuş X4 övladlığa götürülməsi barədə ərizəsi təmin edilmiş, X4 doğum haqqında şəhadətnaməsində adı Tapdıq soyadı Quliyev ata adı Eldar, ana adı Fatma kimi qeyd edilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, **********22 qeydiyyat nömrəsi olan çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 1,4635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına ümumi birgə mülkiyyət kimi qeydə alınmış, JN- 072A KOD 90104048 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X6 və X2 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 27 saylı qərarı ilə Yevlax rayonu Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,19 ha torpaq sahəsi verilmişdir. Yevlax rayonu Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabının xx.xx.2022-ci il tarixli, 17 saylı çıxarışdan görünür ki, təsərrüfat sahibi Cavabdeh təsərrüfat qeydiyyata düşən xx.xx.2000-ci il tarixdə anadan olmuş İddiaçı2 xx.xx.2022-ci il tarixdə təsərrüfat qeydiyyatdına düşmüşdür. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı2 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 307 nömrəli rəyindən görünür ki, İddiaçı2 bədənində aşkar edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin dərialtı hematoması, sol budun yuxarı 1/3-nin ön səthinin qançırı küt ələtin təsirindən əmələ gəlmişdir, əmələ gələmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 180.3. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Mülki Prosessual Məcəllə: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuş işin araşdırılan hallarından da məlum olur ki, iddiaçılar mübahisələndirdikləri fərdi yaşayış evindən qovulmamış, həmin evdə cavabdehlə mübahisələri yarandığından və orada yaşamaq onları qane etmədiyindən cari ilin iyun ayının əvvəllərində evdən çıxaraq ünvan 1 ünvanında kirayə yaşayırlar (bu hallar iş üzrə tərəflərin məhkəmədə, habelə İddiaçı1 aidiyyatı polis orqanında verdikləri izahatlarla təsdiqini tapır). Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 evə qayıtmaları üçün cavabdeh bir müddət arvadı Fatma Quliyeva ilə başqa ünvana köçmüş, lakin iddiaçılar yenə də evə qayıtmaqdan imtina etmiş, mübahisələndirilən fərdi yaşayış evi təxmini 2000-ci illərin əvvəllərində Cavabdeh tərəfindən inşa olunmuş, İddiaçı1 isə həmin evin tikilməsində, sonradan isə təmirində hər hansı bir formada iştirakı olmamışdır. Göründüyü kimi, hazırda mübahisə olunan fərdi yaşayış evi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikinti sayılır, özbaşına tikinti aparmış şəxs - hazırki iş üzrə Cavabdeh ona mülkiyyət hüququ əldə etməmişdir (qanunla özbaşına tikiliyə hər hansı bir hüquq tanınmır), Sadalanan qanunvericilik normalarından və işin mövcud hallarından da müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evinə iddiaçıların istifadə hüquqları müəyyən edilmədiyindən onların həmin fərdi yaşayış evinə köçürülmələri barədə tələbləri də təmin oluna bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçıların cavabdehə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar