Məhkəmə qərarları › İş №2(039)-248/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-248/2020

23.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-248/2020 23.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddaçı Allahverdiyeva (Hacıyeva) Ramilə Zahid qızının iştirakı ilə, iddiaçı Allahverdiyeva (Hacıyeva) Ramilə Zahid qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Allahverdiyeva (Hacıyeva) Ramilə Zahid qızı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və cavabdehdən xx xxxxxx 2011-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Flora adlı uşağı anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağı onun himayəsində saxlanılmış və uşağın saxlanılması üçün cavabdehdən 90 manat aliment tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alsa da, cavabdeh alimenti ödəmir. Özü heç bir yerdə işləmir. Valideyinlərinin yanında qalmaqla onların köməkliyi ilə uşağına baxır. Yevlax Rayon Məhkəməsinin qətnaməsi əsasında qət edilmiş aliment pulu hazırkı dövrdə azyaşlı övladının heç bir tələbini ödəmir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətinin öyrənilməsi üçün vətəndaşı olduğu Latviya Respublikasına məhkəmə tapşırığı göndərilmiş və məhkəmə tapşırığına əsasən keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin iddia tələbinə etiraz etdiyini bildirmişdir. İş materiallarında olan LV AC seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası Ramilə Hacıyevadır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-50/2016 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehdən xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 90 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsiqət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat (bir yüz altmış) sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı Allahverdiyeva (Hacıyeva) Ramilə Zahid qızına verilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar