Məhkəmə qərarları › İş №2(039)-2480/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2480/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2480/2021 15.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) Cavabdeh qarşı “iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 4180,18 manat məbləğində əsas borc, 1713,15 manat faiz borcu olmaqla, ümumilikdə 5893,33 manat borc və 79,33 manat məbləğində dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 16 oktyabr 2019-cu il tarixli, 900804-785412/1 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 5800 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 29 sentyabr 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 4180,18 manat məbləğində əsas borc, 1713,15 manat faiz borcu olmaqla, ümumilikdə 5893,33 manat məbləğində kredit borcu yaranmışdır. Bankın nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli, 900804-785412/1 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 5800 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 29.09.2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 4180,18 manat məbləğində əsas borc, 1713,15 manat faiz borcu olmaqla, ümumilikdə 5893,33 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka 4180,18 manat məbləğində əsas borc, 1713,15 manat faiz borcu olmaqla, ümumilikdə 5893,33 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79,33 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4180,18 manat məbləğində əsas borc, 1713,15 manat faiz borcu olmaqla, ümumilikdə 5893 (beş min səkkiz yüz doxsan üç) manat 33 (otuz üç) qəpik məbləğində borc və 79 (yetmiş doqquz) manat 33 (otuz üç) qəpik dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar