Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-251/2021 21.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-1 N ******* saylı, 04 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrində 13.09.2019-cu il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli **********50-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan Yevlax rayonu Yuxarı kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsi Yevlax şəhər sakini Cavabdeh1 tərəfindən Cavabdeh2 04.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılmış, bundan sonra Cavabdeh2 həmin alqı-satqı müqaviləsi əsasında 13.09.2019-cu il tarixində ona aid olan 0,33 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli çıxarış əldə etmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 bu müqaviləni bağlamağa hüququ olmamış, ona aid olmayan bir əmlakı bilərəkdən başqa bir şəxsə alqısatqı etmişdir. Yevlax Rayon Məhkəməsinin Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət reyestrində 35 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində ********** nömrəsi ilə 14 aprel 2016-cı il tarixdə aparılmış qeyd qismən Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair 17 yanvar 2019-cu il tarixli qətnaməsi 09.01.2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə daxil olmuşdur. Çıxarışın ləğv olunmasına dair 28 noyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış qətnamənin icra olunması ilə əlaqədar dövlət reyestrində qeydiyyat aparılması üçün iş icraya qəbul olunması zamanı məlum olmuşdur ki, sözügedən 0,33 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi 04.10.2017-ci il tarixində Yevlax rayonu Dövlət Notariat Kontorunun 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış və daşınmaz əmlak 13.09.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. İddiaçı iddia tələbi digər mülkiyyətçi Cavabdeh2 hüquqlarına toxunduğu üçün Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(039)-213/2019 nömrəli qətnaməsinin icra olunmasında çətinlik yaratdığını bildirmişlər. Yevlax Rayon Məhkəməsinin 2(039)-835/2014 saylı, 15 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin ərazidə yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Bu barədə torpaq sahəsinin plan ölçüsü və zəruri sənədləri işlənilmişdir. Cavabdeh1 Yevlax rayonu Yuxarı Qarxun kəndində 0.33 ha həyətyanı torpaq sahəsinə və 1987-ci ildə inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmış, məhkəmə 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Qeyd olunan qətnamə ilə bağlı apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, qərardad qəbul edildiyi andan qüvvəyə minmişdir. Cavabdeh1 adında heç bir mülkiyyət sənədi olmadığı halda əldə etdiyi qanunsuz hüquq 20 oktyabr 2016-cı il tarixində ləğv edilməsinə baxmayaraq şəxs əldə etdiyi köhnə çıxarışlarla 04.10.2017-ci il tarixində Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq ona məxsus olan 0,33 ha torpaq sahəsini satmışdır. Cavabdeh1 14 aprel 2016-cı il tarixli çıxarışının ləğv edilməsi ilə bağlı Yevlax Rayon Məhkəməsi tərəfindən 17 yanvar 2019-cu il tarixində 2(039)-213/2019 saylı qətnamə qəbul edilmiş, həmin qətnamə Şəki Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 14.04.2016-cı il tarixdə əldə etdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışı mübahisələndirmiş, həmin çıxarış 17 yanvar 2019-cu il tarixli, 2(039)-213/2019 saylı Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Bu qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermiş, sonra kassasiya şikayəti vermiş, onun şikayətləri təmin edilməmişdir. Artıq məhkəmə qətnaməsi icraya yönələn zaman məlum olmuşdur ki, torpaq sahəsi 13.09.2019-cu il tarixində dövlət reyestrində Cavabdeh2 satılıb və qeydiyyata alınıb. Bu baxımdan da Cavabdeh2 həmin tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bu baxımdan da Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli, AN-1 N ******* saylı alqı-satqı müqaviləsi etibarsızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Fərhad Məmmədov iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini 04 oktyabr 2017-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh1 almışdır. Sonradan həmin alqı-satqı müqaviləsi əsasında qeyd olunan daşınmaz əmlakı dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir. O, daşınmaz əmlaka qanuni şəkildə sahib olmuş və heç bir qanunsuzluq etməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evini 26 fevral 2008-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq İddiaçı almışdır. Bundan sonra o, qanuni şəkildə özünə məxsus evi və torpaq sahəsini digər cavabdeh olan Cavabdeh2 satmışdır. Bu səbəbdən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə (satıcı) Cavabdeh1 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 26 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,0227 hektar torpaq sahəsində yerləşən 1991-ci ildə tikilmiş 128,02 kv.m yaşayış (əsas) 129,96 kv.m köməkçi, 257,98 kv.m ümumi sahəli 4 otaqdan ibarət daşınmaz əmlakı alıcıya satmışdır. Cavabdeh1 ilə (satıcı) Cavabdeh2 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 14 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m fərdi yaşayış evini və 0,33 ha torpaq sahəsini alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 13.09.2019-cu il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən yaşayış evi və 0,33 torpaq sahəsinin üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edən iddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilə bağlanarkən satıcı-hazırkı iş üzrə Cavabdeh1 səlahiyyətli şəxs olmamışdır. Belə ki, Cavabdeh1 mübahisələndirilən daşınmaz əmlaka mülkiyyət hüququnu tanıyan məhkəmə qətnaməsi, yəni Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016cı il tarixli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 20.10.2016-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Şəki Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə iddiası Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qəradadla eyni zamanda müəyyən edilmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,0227 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 128,02 kv.m yaşayış, 129,96 kv.m köməkçi, sahəsi olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh1 məxsusdur və mübahisəli torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon Qarxun Bələdiyyəsi ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, məhkəmə kollegiyası Cavabdeh1 mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ olduğu üçün və iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmadığı səbəbi ilə Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. İddiaçı tələbini həm də onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 14 aprel 2016-cı il tarixdə aparılmış qeyd 0,33 ha həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 04 oktyabr 2017-ci il tarixdə bağlanılmış və həmin vaxt dövlət reyestrində torpağa dair aparılmış qeyd qüvvədə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mübahisələndirilən alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-251/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-251/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver