Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2563/2024 06.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclası zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ana-oğuldurlar. Eyni zamanda, Cavabdeh1 Yevlax X1 Hüquqi şəxsdə həkim işləyir. Cavabdeh1 həkim olmaqla yanaşı eyni zamanda oğlu-Cavabdeh2lə birlikdə minik avtomobillərinin kredit yolu ilə satışı ilə məşğuldur. O (iddiaçı) Yevlax şəhərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə kredit yolu ilə avtomobil satışı ilə məşğul olduqlarını öyrəndikdən sonra, sonuncuya müraciət etmiş və kredit yolu ilə avtomobil əldə etmək istədiyini bildirmişdir. Onun kredit yolu ilə əldə etmək istədiyi avtomobil “Chevrolet Aveo” markalı avtomobil olmuşdur. Həmin avtomobil usta yanında təmirdə olmuşdur. Ona avtomobili ustanın sexində Cavabdeh2 göstərmiş və aralarında razılaşma əldə edilmişdir. Cavabdeh2 anası ilə danışmış və digər Cavabdeh1 ilkin ödəniş olaraq kartına 600 (altı yüz) manat göndərildikdən sonra avtomobili təhvil ala biləcəyini bildirmişdir. O (iddiaçı) da deyilən kimi etmiş və Cavabdeh1 adına olan pul kartına xx.xx.2024-cü il tarixdə 600 (altı) manat göndərmişdir. Ertəsi gün isə, yəni xx.xx.2024-cü il tarixdə cavabdehlər ondan 400 (dörd) manat pul almışlar. O (iddiaçı) cavabdehlərə cəmi 1000 (bir min) manat pul vermişdir. Lakin cavabdehlər pulunu aldıqdan sonra müxtəlif bəhanələrlə avtomobili ona (iddiaçıya) təhvil verməmişdirlər. O da cavabdehlərlə aralarında razılaşmanın baş tutmayacağını anlamışdır. Belə olan halda o cavabdehlərə verdiyi 1000 (bir min) manat pulu tələb etmiş, lakin cavabdehlər pulu qaytarmaqdan imtina etmişdirlər. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448, 430.1-ci maddələrinə istinad edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (bir min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəmənin hazırlıq iclasında Cavabdeh2 yazılı izahat verərək, iddianı özünə münasibətdə tam etiraf etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını arşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qəbzdən görünür ki, iddia tərəfindən Cavabdeh1 adına olan 416973******6373 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 600 (altı yüz) manat pul köçürülmüşdür. İşdə olan bank kartının şəklindən görünür ki, 416973******6373 saylı bank kartı Cavabdeh1 məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında avtomobilin kredit yolu ilə alqı-satqısına dair şifahi qaydada razılaşma olmuş, bu məqsədlə iddiaçı tərəfindən ilkin olaraq cavabdehlərə cəmi 1000 (bir min) manat pul verilmiş, lakin sonradan tərəflər arasında olan razılaşma pozulmuşdur. Bundan sonra iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdehlər 1000 (bir min) manat pulu qaytarmaqdan yayınmışdırlar. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2563/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2563/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver