Məhkəmə qərarları › İş №2(039)-272/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-272/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-272/2021 01.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R********** saylı kredit müqaviləsi üzrə 895,20 manat məbləğində kredit borcu, 202,96 manat məbləğində faiz borcu və 115,22 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 1213,38 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 15L000002852 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətində 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 015R**********0S saylı, xx.xx.2017-ci il tarixi 015R**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4104,80 manat ödəniş etmiş və onun iddiaçıya 895,20 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 342 gün üçün hesablanmış faiz borcu 202,96 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 342 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 115,22 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər kredit müqaviləsindən gələn öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi. Belə ki, o bildirdi ki, onun iddiaçı Bankla həm manat, həm də ABŞ dolları ilə kredit müqaviləsi olub. Dollarla olan kredit müqaviləsi Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona dövlət tərəfindən kompensasiya ödənilsə də, manatla olan kredit müqaviləsi restrukzasiya olunmamışdır. O, dəfələrlə Banka müraciət edərək müqavilənin restrukzasiya olunmasını və borcunu hissə-hissə ödəmək istədiyini bildirsə də, Bank bundan imtina etmişdir. O, hazırda da borcunu hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 15L000002852 №li kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2014-cü il tarixli 15L000002852 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2015-ci il tarixdə 15S**********01 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh3 (zamin) arasında xx.xx.2014-cü il tarixli 15L000002852 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx xxx 2014-cü il tarixdə 15S000005173 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə və Cavabdeh4 (zamin) arasında xx.xx.2014-cü il tarixli 15L000002852 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2016-cı il tarixdə 15S**********01 №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli, 015R********** №li kredit müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli 15L000002852 №li kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 aylıq 1,8333 faiz ödəmək şərti ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit verilir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdəsinə götürür. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 015R**********0S saylı və xx.xx.2017-ci il tarixli, 015R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişlərə əsasən xx.xx.2015-ci il tarixli, 015R********** №li kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklik edilərək kreditin müddəti xx xxxxxxxx 2018-ci il tarixədək uzadılmışdır. İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə bağladığı 015R********** №li kredit razılaşması üzrə 895,20 manat məbləğində əsas borc, 202,96 manat məbləğində faiz borcu və 115,22 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 1213,38 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2015-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan 1213,38 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh1 895,20 manat əsas kredit borcunun, 202,96 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 115,22 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Digər cavabdehlər, yəni zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Yuxarıda istinad olunan kredit xətti müqaviləsində kredit xəttinin məbləği ABŞ dolları ilə müəyyən edilmiş, faiz dərəcəsi isə ümumiyyətlə göstərilməmişdir. Zaminlik müqavilələrində isə əsas öhdəlik kimi faiz dərəcəsi müəyyən edilməyən kredit xətti müqaviləsi göstərilmiş, xx.xx.2015-cı il tarixli kredit razılaşmasında isə kredit məbləği manatla müəyyən edilmiş və həmin razılaşma üzrə zaminlərin razılığı alınmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 895,20 manat məbləğində əsas borc, 202,96 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 1118,16 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Kərəm Məmmədovdan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh1 895,20 manat məbləğində əsas borc, 202,96 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 1118 (bir min yüz on səkkiz) manat 16 (on altı) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar