Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-297/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh1 Məmmədiyə qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədiyə qızına və Cavabdeh2 Elman oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədiyə qızına və Cavabdeh2 Elman oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 4000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehləri əvvəlcədən Yevlaxlı kimi uzaqdan tanıyırmış. Cavabdehlər ana oğuldurlar. O, Yevlax rayonu Nemətabad kəndində yerləşən yaşayış evini satdıqdan sonra rayon mərkəzində özünə ev almaq qərarına gəlmişdir. Cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış evlərini satmaq istədiklərini öyrənmiş və onlarla sövdələşmişdir. Cavabdehlər ailələrinə məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evlərini 13000 manata satmalarına dair onunla razılaşmışlar və evin dəyərindən avans olaraq məndən müxtəlif vaxtlarda 3 dəfəyə 4000 manat pul almışlar və o, Yevlax rayonu Nemətabad kəndində yerləşən evindən özünə məxsus bütün əşyaları gətirərək ünvan 3 ünvanına köçmüşdür. Hazırda o, uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Dəfələrlə cavabdehlərə müraciət edərək evin dəyərindən qalan borcunu vermək və aralarında olan alqı-satqını rəsmiləşdirmək istədiyini bildirsə də, cavabdehlər onun bu təklifinə laqeydlik göstərirlər. Cavabdehlərin həmin evi satmaq fikirləri yoxdur, sadəcə onlara pul lazım imiş və bu məqsədlə onu aldadaraq 4000 manatı almışlar. O, xx.xx.2020ci il tarixdə cavabdehlərə 1000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2020ci il tarixdə isə 1000 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, yaşadığı evin rəsmi sənədləri hazır olmadığı üçün evini iddiaçının adına rəsmiləşdirə bilməmişdir. Evin alqı-satqısı barədə razılığa gəldikdən sonra, iddiaçı ona 4000 manat pul vermişdir. Hazırda evinin sənədləri hazır olmaq üzrədir. Qısa zaman ərzində evini satıb iddiaçının pulunu qaytaracaq. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus yaşayış evinin alqı-satqısı barədə razılıq əldə olunub, Cavabdeh1 evini iddiaçının istifadəsinə verib və razılığa əsasən iddiaçı Cavabdeh1 4000 manat pul verib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 4000 manat məbləğində pul tutulmalıdır. Cavabdeh2 aid hissədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdeh N. Yusifovadan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 4000 (dörd min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-297/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-297/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver