Məhkəmə qərarları › İş №2(039)-3/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3/2022 20.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" İKB ASC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair əmr icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli 2(039)-2672/2016 saylı qərardadı ilə məhkəmənin 15 avqust 2016-cı il tarixli, 2(039)-2672/2016 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli 2(039)-74/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli 2(039)-74/2017 saylı qərardadından iddiacı İddiaçı ASC tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-74/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1926 ABŞ dolları əsas, 3607.62 ABŞ dolları faiz, 2183.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 fevral 2017-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək gecikdirilmiş 5 faizlə hesablanmış 811.1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8528.14 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1779.13 ABŞ dolları əsas, 3607.62 ABŞ dolları faiz, 2183.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 fevral 2017-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək gecikdirilmiş 5 faizlə hesablanmış 895.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8466.02 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişlər. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə cavabdehlərin İddiaçı ASC-yə 1926 ABŞ dolları əsas, 3607.62 ABŞ dolları faiz, 2183.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 fevral 2017-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək gecikdirilmiş 5 faizlə hesablanmış 811.1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8528.14 ABŞ dolları borcları qalmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, ekspertin sonuncu rəyi ilə razıdır. Bankın tələb etdiyi 5 faiz dərəcəsi ilə hesablanmış 895.85 ABŞ dolları ilə də razıdır. Lakin pulu bir dəfəyə ödəyə bilmir. Borcu imkanına uyğun olaraq hissə-hissə ödəyəcək. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 1926 ABŞ dolları əsas, 3607.62 ABŞ dolları faiz, 2183.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 fevral 2017-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək gecikdirilmiş 5 faizlə hesablanmış 811.1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8528.14 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(039)-2581/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli 9/629 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat zamanı, 25 iyun 2014-cü il tarixli 12-M-3-0-68-9-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə 5757.75 ABŞ dolları, faiz borcu üzrə 598.61 ABŞ dolları, 13 dekabr 2021-ci il tarixə əsas borc üzrə 4044.80 ABŞ dolları, faiz borcu üzrə 477.17 ABŞ dolları. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(039)-3/2022 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5340 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat zamanı, 25 iyun 2014-cü il tarixli 12-M-3-0-68-9- 14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1627.57 ABŞ dolları, faiz borcu üzrə 1764.23 ABŞ dolları. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsində göstərilir ki, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu madələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqlardan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 2183.42 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. 10 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 1627.57 ABŞ dolları, faiz borcu 1764.23 ABŞ dolları, cərimə borcu 2 ABŞ dolları və kredit müqaviləsi üzrə 25 fevral 2017-ci il tarixdən 16 noyabr 2021ci il tarixədək gecikdirilmiş 5 faizlə hesablanmış 895.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə cəmi 4289.65 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, müştərək qaydada xx xxxxxx 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Firdovsi küçəsi mənzil 93-də qeydiyyatda olan Cavabdeh1, xx xxxxxx 1958-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Yevlax şəhəri, F.X.Xoyski küçəsi mənzil 52-də qeydiyyatda olan Cavabdeh2 və xx xxxxx 1956-cı il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 106, mənzil 8-də qeydiyyatda olan Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh1 cəmi 150 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar